Bir neçə gün əvvəl azərbaycanlı internet istifadəçiləri arasında yaxın vaxtlarda Bakıda ilk Starbucks qəhvəxanasının açılmasını əks etdirən şəkil sürətlə yayılmışdı. Artıq bu şəkilin əsasında məşhur qəhvəxananın Azərbaycana gələcəyi barədə sensasiyalı xəbərlər yayılmağa başladı.
Bir müddət sonra yayılan xəbərlərə görə, bu şəkil bir neçə il əvvəl Özbəkistanın paytaxtı Daşkənddə yerləşdirilmiş lövhədən götürülüb və elə o zaman da Starbucks-ın Daşkənddə nümayəndəlik açacağı barədə xəbər yalan çıxmışdı, yəni, Starbucks Bakıya gəlməyi planlaşdırmır.
Lakin Oxu.Az şəxsi mənbələrinə istinadən xəbər verir ki, məşhur qəvhəxana şəbəkəsi Starbucks Azərbaycanda nümayəndəlik açacaq, düzdür, bu, yaxın vaxtlarda deyil, 2015-ci ildə baş tutacaq.
Məlumata görə, məşhur qəvhəxana şəbəkəsinin Azərbaycan nümayəndəliyinin açılışı ilə yerli şirkətlər deyil, Starbucks korporasiyasının Türkiyə üzrə nümayəndələri məşğul olacaqlar.
Mənbə bildirib ki, artıq 2015-ci ildə Bakıda Starbucks-un bir neçə qəhvəxanası açılacaq, onlardan ən böyüyü isə hazırda Jumeirah Bilgah Beach Hotel ilə üzbəüz inşa olunan Amburan Shopping Mall-da olacaq.
Qeyd edək ki, Starbucks Amerikanın qəhvə satışı üzrə ən böyük şirkətidir və eyniadlı qəhvəxana şəbəkəsinə malikdir. İdarəçi şirkət Starbucks Corporation-dur. Starbucks dünyada ən böyük qəhvəxana şəbəkəsinə malikdir – buraya 60 ölkədə 19 mindən çox qəhvəxanası var.