Paytaxtın Nərimanov rayonu ərazisindəki Heydər Əliyev prospekti, Koroğlu Rəhimov, akademik H.Əliyev küçələrində istismar müddəti başa çatmış yaşayış binalarının, qeyri-yaşayış obyektlərinin sökülərək başqa ərazilərə köçürülməsi istiqamətində işlər davam etdirilib.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, rayon İcra Hakimiyyətindən bildirilənə görə, həmin binalarda yaşayan sakinlər üçün hazırda K.Rəhimov küçəsində 126 mənzilli, 7 mərtəbəli və Heydər Əliyev prospektində 167 mənzilli 7 mərtəbəli yaşayış binalarının tikintisi aparılır.
Qeyd olunub ki, Heydər Əliyev prospektinin yenidən qurulması ilə əlaqədar istismar müddəti başa çatmış daha 8 yaşayış binası sökülüb. Onların yerində isə müasir, milli memarlıq üslubunda, sakinlərin əvvəlki mənzillərinin sahəsindən 30-40 faiz artıq olmaqla tam təmirli, geniş və yaraşıqlı mənzillərdən ibarət dörd 7 mərtəbəli yeni yaşayış binasının inşasına başlanılıb.