Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsindən 3-cü mikrorayon dairəsi, Ə.Salamzadə küçəsi və digər istiqamətləri birləşdirən köməkçi yolda hərəkət iyunun 21-i saat 00:00-dan tam dayandırılacaq.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu haqda Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, qeyd edilən yolda hərəkətin tam dayandırılması həmin ərazidə asfalt-beton örtüyünün salınması ilə bağlıdır.
“Xutor dairəsində inşa olunan müxtəlif səviyyəli yol-qovşağı kompleksinə aid olan 3-cü tunel, yəni Ziya Bünyadov və Azadlıq prospektinin kəsişməsini Ə.Salamzadə küçəsi ilə birləşdirən tunel açılaraq hərəkət oradan veriləcək”, - deyə P.Mürsəliyev qeyd edib.
O əlavə edib ki, təmir işləri təxminən 10 gün davam edəcək.
Köməkçi yolda işlər başa çatdırıldıqdan sonra, müvəqqəti açılan tuneldə hərəkət tam dayandırılaraq, son tamamlanma işlərinə başlanılacaq.