Şəhərin mərkəzində yerləşən və Bakının ən qədim bazarlarından olan Pasaj bazarı avqustun 1-də bağlanacaq.
Oxu.Az Gun.Az-a istinadən xəbər verir ki, bu barədə sözügedən bazarda ticarətlə məşğul olan satıcılardan biri məlumat verib.
O bazarın bağlanmasının səbəbini bilməsə də, bağlandıqdan sonra buranın avtomobil dayanacağına çevriləcəyini söyləyib.
Qeyd edək ki, Pasaj bazarı əvvəllər müştəri sarıdan heç də korluq çəkməyib. Şəhərin mərkəzində yerləşdiyindən bir çoxları buradan bazarlıq etməyə üstünlük verib. Lakin tədricən vəziyyət dəyişdi, çoxlu yeni market və bazarların açılması bu bazara mənfi təsir etdi.
Hazırda bazarda cəmi bir neçə satıcı var ki, onlar da gündəlik çörək pulunu güclə çıxarırlar. Bazarın bir hissəsi isə artıq xeyli müddətdir ki, maşın dayanacağı kimi istifadə edilir. Görünən odur ki, gələn aydan Pasaj bazarının bazarı birdəfəlik bağlanacaq.
Pasaj bazarının binası 100 il bundan əvvəl 1913-cü ildə tikilib.