"BakuBus" MMC Xırdalan şəhərində avtobusyuma stansiyasının qurulması məqsədilə müvafiq avadanlıqların satın alınması üzrə satınalma müsabiqəsi elan edib.
Oxu.Az xəbər verir ki, layihə üzrə ehtimal olunan qiymət 1 milyon 192 min 170 manat təşkil edir.
Tenderə yanvarın 29-da yekun vurulacaq.
Satınalma çərçivəsində çatdırılma və quraşdırılma daxil olmaqla üç fırçalı avtobusyuma avadanlığı alınacaq. Avadanlıq bir boks daxilində polad rels üzərində hərəkət edən iki yan fırça, bir dam fırçası və su sıçrama tentindən ibarət olacaq. Sistem müxtəlif ölçülü avtobusların yuyulması üçün uyğunlaşdırılmalı və qış mövsümündə -2°C temperaturda fasiləsiz işləmə imkanına malik olmalıdır.
Texniki tələblərə əsasən, bir avtobusun yuyulma müddəti 3.5 dəqiqədən artıq olmamalı, yuma prosesində isə 15 faiz təmiz, 85 faiz təkrar emal olunmuş sudan istifadə imkanı təmin edilməlidir. Avadanlıq alt şassiyuma, suyun təkrar emalı, filtrasiya, yüksək təzyiq, avtomatik təhlükəsizlik və qəza zamanı dayanma funksiyaları ilə təchiz olunmalıdır.
Eyni zamanda, sistem avtobusların ölçü fərqlərinə avtomatik uyğunlaşmalı, mum (wosk) sistemi ilə təmin edilməli və enerji sərfiyyatı minimal səviyyədə olmalıdır. Təhlükəsizlik məqsədilə giriş-çıxış hissələrində qəza düymələri və qoruyucu baryerlərin quraşdırılması da tələblər sırasındadır.
Ümumilikdə, müsabiqə üzrə dörd dəst avtobus yuma avadanlığının satın alınması nəzərdə tutulur.
Elmidar Əliyev