2015-ci ilin yanvarın 1-nə olan məlumata görə, bank müştərilərinin sayı son bir ay ərzində 210 min 213 nəfər azalıb.
Bu barədə Oxu.Az-a Mərkəzi Bankdan məlumat verilib.
Belə ki, yola saldığımız ilin noyabr ayında bank müştərilərinin sayı 5 milyon 356 min 242 nəfər təşkil edib, müvafiq ilin dekabr ayında isə bu göstərici 5 milyon 146 min 029 idi.
Bank müştəriləri arasında fiziki şəxslərin sayı 5 milyon 049 min 500 nəfər idisə, hüquqi şəxslərin sayı isə 96 min 529 nəfər təşkil edib. Bankın statistik göstəricilərindən aydın olur ki, bir ay ərzində (noyabr və dekabr) fiziki və hüquqi bank müştərilərinin sayı azalsa da, sahibkarlıqla məşğul olanların sayı isə 3221 nəfər artıb.
Eyni dövrdə banklarda müştəri hesablarının sayı 14 milyon 241 min 748 ədədə çatıb, müştəri hesablarından cari hesablar 10 milyon 447 min 130 ədəd, depozit hesabları isə, 658 min 210 ədəd olub.
Həmçinin hesabların 10 milyon 271 min 550 ədədi fiziki şəxslərin, o cümlədən 175 min 580 hüquqi şəxslərin, sahibkarlıqla məşğul olanların hesabları isə, 184 min 280 ədəd olub.