2015-ci ilin fevralın 1-nə olan məlumata görə, bank müştərilərinin sayı 83 min 647 ədəd, bank hesabları isə 169 min 164 ədəd azalıb.
Oxu.Az xəbər verir ki, bu barədə informasiya Mərkəzi Bankın “Müştərilərin bank hesablarının sayı və tərkibi” adlı statistik cədvəlində verilib.
Cədvəldə göstərilir ki, 2015-ci ilin yanvarın sonuna bankların 5 milyon 062 min 382 ədəd müştərisi olub. Bankların müştərilərinin 4 milyon 967 min 148 ədədi fiziki müştərilər, 167 min 372 nəfəri sahibkarlıqla məşğul olanlar, 95 min 234 ədədi isə hüquqi şəxslər olub. Məlumatdan da görünür ki, daha çox banklara müraciət edənlər fiziki şəxslər olub.
Müştəri hesablarından cari hesablar 10 milyon 396 min 083 ədəd olub, depozit hesabları 652 min 409 ədəd təşkil edib. Həmçinin hesabların 10 milyon 229 min 764 ədədi fiziki şəxslərin, 156 min 412 ədədi sahibkarlıqla məşğul olanların payına düşüb. Hüquqi şəxslərin hesabları isə 166 min 319 ədəd olub.