Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Bank Standard”a bankın sağlamlaşdırılması proqramı çərçivəsində 15 milyon manat vəsait ayırıb.
Oxu.Az xəbər verir ki, bu sözləri Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirilən mətbuat konfransında deyib.
O, qeyd edib ki, vəsait qaytarılmaq şərti ilə borc formasında, 6 ay müddətinə verilir.
“Bankın sağlamlaşdırılma proqramında onun tam maliyyə dəstəyi məbləği və formaları daha da dayanıqlaşdırılacaq”, - deyə R.Aslanlı qeyd edib.
Onun sözlərinə görə, dövlət bankın maliyyə dayanıqlığının bərpa olunması üçün bütün lazımi tədbirləri görməyə hazırdır:
“Bank Santdard” bütün parametrlərinə görə, sistem əhəmiyyəti daşıyan bankdır. Bu bank əhali əmanətlərinin sayına görə, ölkənin ikinci böyük bankıdır.
Bunu nəzərə alaraq, dövlət bankın maliyyə dayanıqlığının bərpa olunması və onun uzunmüddətli təminatı üçün bütün lazımi tədbirləri görməyə hazırdır”.
Ülviyyə R. Əli
www.oxu.az