“Bank Standard”a müvəqqəti inzibatçılıq 3 ay müddətinə təyin edilib. Bu müddət ərzində həmin bankın sağlamlaşdırılması proqramı hazırlanacaq.
Oxu.Az xəbər verir ki, bu sözləri Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Bu proqramın məqsədi bankın təkcə likvidliyinin deyil, həmçinin kapital, aktivlərinin keyfiyyətini və uzunmüddətli dayanıqlığının təyin edilməsinə yönəlmiş bir proqram olacaq.
Həmin proqram üçün nə qədər müddət tələb olunursa, o qədər müddət ayrılacaq. Bu gün həmin müddəti demək hələ tezdir”, - deyə Palatanın Direktorlar Şurasının sədri qeyd edib.
Onun sözlərinə görə, faizlər hesablanmaqda davam edir:
“Faiz dərəcələrinin hesablanması dayanmır. Müştərilərin əmanətləri üzrə müqavilə şərtlərinə tam əməl olunur, faizlər hesablanmaqda davam edir.
Sadəcə olaraq, ödənişlər bir ay müddətinə dayandırılıb”.
R.Aslanlı onu da əlavə edib ki, iyun ayının 3-dən etibarən ödənişlər bərpa olunacaq:
“İyun ayının 3-dən etibarən həm fiziki, həm də hüquqi şəxlərə depozitlər üzrə ödənişlər bərpa olunacaq”.
Ülviyyə R. Əli
www.oxu.az