Bu gündən “Bank Standard” QSC-də 1000 manatdan artıq əmanəti olanların pullarının verilməsinə başlanılıb.
Oxu.Az xəbər verir ki, “Report”un əməkdaşları bankın baş ofisində əmanətlərin qaytarılması prosesini izləyiblər.
Müşahidələr nəticəsində məlum olub ki, əmanətçilərə ödənişlər narazılıqla müşahidə olunur.
Məsələ ondadır ki, “Bank Standard” bir əmanətçiyə 5 min manatdan artıq pul ödəmir. Əlavə məbləğ üçün əmanət sahibləri 1 ay gözləməlidir. Yəni, bir nəfər üçün ödənişin limiti aylıq 5 min manat məbləğində müəyyən edilib.
Bundan başqa, “Bank Standard”da dollarla əmanəti olanların pulları xarici valyutada deyil, milli valyutada qaytarılıb. Bu zaman ABŞ dollarının məzənnəsi 1,54 AZN/USD götürülür. Halbuki, bankın özündə, ümumiyyətlə, dollar satılmır, digər banklarda isə dolların satış qiyməti 1,60 AZN/USD ətrafındadır. Bu səbəbdən də “Bank Standard”ın əmanətçiləri bankdan narazılıq edirlər.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası “Bank Standard”ın maliyyə dayanıqlığının tam bərpası məqsədilə xüsusi sağlamlaşdırma proqramı hazırlanıb. Bankın maliyyə sektorundakı mövqeyini, aktivlərinin xüsusı çəkisini, öhdəliklərin sosial xarakterini və sistem əhəmiyyətini nəzərə alaraq, fiskal və monetar orqanlarla razılaşdırılmış şəkildə onun maliyyə sağlamlaşdırılması (sanasiya edilməsi) barədə qərar qəbul edilib.
Qərara əsasən, “Bank Standard” səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azər-Türk Bank” ASC vasıtəsilə sağlamlaşdırılacaq. Sanasiya proqramına görə, “Azər-Türk Bank” tərəfindən 3 avqust 2016-cı il tarixinədək “Bank Standard”ın idarəetmə orqanları yenidən formalaşdırılacaq və həmin tarixdən bank fəaliyyətini biznes strategiyasına uyğun qaydada tam həcmdə bərpa edəcək.
Bu arada bankın müştəriləri qarşısında maliyyə öhdəliklərini yerinə yetirməsi üçün zəruri vəsait təmin olunub. Banka vəsaitlər sanator-bank olan “Azər-Türk Bank” tərəfindən Mərkəzi Bankın maliyyə dəstəyi hesabına 1 illik kredit xətti formasında ayrılıb.
11.09
Bu gündən “Bank Standard”da əmanətlərin ödənilməsi ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb.
Oxu.Az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) verilən məlumata görə, “Bank Standard“da aparılan sağlamlaşdırma işləri çərçivəsində bankın müştəriləri qarşısında maliyyə öhdəliklərini yerinə yetirməsi üçün zəruri vəsait ayrılıb.
“Banka vəsaitlər sanator-bank olan “Azər-Türk Bank” ASC tərəfindən Mərkəzi Bankın maliyyə dəstəyi hesabına 1 illik kredit xətti formasında ayrılıb”, - məlumatda bildirilir.
Nəticədə bu gündən, yəni 4 iyul 2016-cı il tarixdən etibarən “Bank Standard”da əmanətlərin ödənişi üzrə mövcud moratoriumun vaxtının bitməsi ilə əlaqədar müvafiq məhdudiyyətlər aradan qaldırılıb.
“Hüquqi və fiziki şəxslər artıq öz vəsaitlərindən istifadə edə bilərlər”, - məlumatda qeyd edilir.