Aylıq inflyasiya səviyyəsində mövsümi azalmaya və inflyasiya gözləntilərinin nisbətən səngiməsinə baxmayaraq, hələ ki inflyasiya üzərində qısa və orta müddətli risk amilləri tam neytrallaşmayıb.
Oxu.Az Mərkəzi Banka istinadən xəbər verir ki, 2017-ci ilin qalan dövründə baza inflyasiyasının (qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlərin, həmçinin mövsümi xarakter daşıyan məhsulların qiymət və tariflərinin dəyişimi nəzərə alınmadan hesablanan inflyasiya) azalma tendensiyasına malik olacağı gözlənilir. Ümumi inflyasiya səviyyəsinin isə manatın məzənnəsi, inersiya, məcmu daxili tələb, qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymətlərinin dəyişimi, qlobal əmtəə bazarlarında meyillər və s. amillərdən asılı olaraq balanslaşacağı proqnozlaşdırılır.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, cari ilin I yarısında orta illik inflyasiya 13.9% təşkil edib. Orta illik əsasda ərzaq qiymətləri 18.1%, qeyri-ərzaq qiymətləri 12.4%, xidmətlər isə 9.4% dəyişib.
L.Ə.