“Monetar şərait ikinci rübdə nisbətən yumşalsa da, ümumilikdə dövr ərzində neytral olub”.
Oxu.Az xəbər verir ki, belə bir qənaətə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin bu gün keçirilən iclasında gəlinib.
Bankdan qeyd olunur ki, iqtisadiyyatın, o cümlədən fiskal sektorun pula olan tələbinə adekvat olaraq pul siyasətinin başlıca əməliyyat hədəfini təşkil edən pul bazası 2017-ci ilin ötən dövründə 6%-dən çox artıb.
Bu, ödəniş sisteminin sabitliyini təmin etməklə bərabər, iqtisadiyyatın kreditləşdirilməsi imkanlarını genişləndirən amildir. Lakin ilin əvvəlindən bank sektorunun likvid aktivlərinin əhəmiyyətli artımı fonunda real sektorun kreditləşməsi dinamikası bu ekosistemdə əlavə dəstəkləyici tədbirlərə ehtiyacın olduğunu göstərir.
Mərkəzi Bankın formalaşdırdığı monetar şərait iqtisadiyyatda yığımların stimullaşdırılması ilə istehsalın balanslı artımını tarazlaşdırmaqla mövcud inflyasiya risklərinin məhdudlaşdırılmasına yönəldilib.
Qeyd olunub ki, birinci yarımillikdə neftin orta dünya qiymətinin proqnoz səviyyə və ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli yüksəlməsi, qeyri-neft sektorunda ixracın aktivləşməsi və idxalın azalması trendlərinin təsiri altında xarici sektor göstəricilərinin yaxşılaşması davam edir.
Yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 36.5%, o cümlədən qeyri-neft ixracı 27.9% artıb, idxal isə 15.7% azalıb. Xarici ticarət balansının profisiti 1.9 mlrd. ABŞ dolları təşkil edib, ölkənin strateji valyuta ehtiyatları artıb.
Xarici sektor göstəricilərinin yaxşılaşması və mövcud makroiqtisadi siyasət çərçivəsi valyuta bazarının tarazlığını və milli valyutanın məzənnəsinin sabitliyini təmin edir. Mövcud xarici və daxili makroiqtisadi parametrlər çərçivəsində milli valyutanın xarici dəyərinin sabitliyi dayanıqlıdır. Manatın sabitliyi de-dollarizasiya meyili yaradır.
L.Ə.