Azərbaycanın istehlak bazarında bəzi məhsulların və xidmətlərin bahalaşması müşahidə olunub.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ilin dekabr ayında ərzaq məhsullarının qiymətlərinin 2,6%, qeyri-ərzaq mallarının qiymətlərinin 2,7%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin 0,4 % bahalaşması, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 1,9% bahalaşmasına səbəb olmuşdur.
Ay ərzində limonun, portağalın, naringinin, çuğundurun, kökün qiymətlərində ucuzlaşma, unun, düyünün, makaronun, mal və qoyun ətinin, toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd və süd məhsullarının, yumurtanın, kərə yağının, bitki yağlarının, almanın, armudun, heyvanın, narın, bananın, qozun, fındığın, şabalıdın, kələmin, göyərtinin, kartofun, soğanın, sarımsağın, şəkərin qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur.
Ötən ilin dekabr ayında qeyri-ərzaq mallarından iri alət və avadanlıqların, minik avtomobillərinin, telefon faksimil cihazlarının, zərgərlik məmulatlarının qiymətlərində ucuzlaşma, geyim və ayaqqabıların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, kitabların, yanacaq və sürtkü materiallarının qiymətlərində isə bahalaşma müşahidə olunub.
Əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq reyslər üzrə dəmiryol və hava sərnişindaşıma nəqliyyatı tarifləri dekabr ayında bahalaşıb.
Gülnarə Zeynalova
www.oxu.az