Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Bernama”: Malayziya Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dəvət olunub
Malayziyanın “Bernama” xəbər agentliyinin saytında Malayziya ilə Azərbaycan arasında əməkdaşlığa dair məqalə dərc olunub.
Həmin materialın tərcüməsini oxucularının diqqətinə çatdırırıq.
Malayziyanın beyin mərkəzi və özəl sektorun iqtisadi təşkilatı ilə anlaşma memorandumları imzalamağı planlaşdıran Azərbaycan iki ölkə arasında mövcud potensialın tam reallaşdırılması üçün ticarət əlaqələrinin və iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Bu çağırışla çıxış edən azərbaycanlı deputat, eyni zamanda Azərbaycan-Malayziya parlamentlərarası dostluq qrupunun rəhbəri Vüqar Bayramov bildirib ki, Bakı və Kuala-Lumpurun işgüzar dairələri hər iki ölkənin iqtisadi potensialının reallaşdırılması, ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi və qarşılıqlı faydalı vəziyyətə nail olunması üçün daha çox səy göstərməlidir.
O qeyd edib ki, 30 illik diplomatik münasibətlərə baxmayaraq, Azərbaycan və Malayziyanın işgüzar dairələri əməkdaşlıq üçün müxtəlif imkanları hələ də tam öyrənməyiblər. İkitərəfli ticarətin həcmi keçən il 94 milyon dollar, 2021-ci ildə isə 77 milyon dollar olub.
“Bu, bizim potensialımızı əks etdirmir. İqtisadi əməkdaşlığı və əlaqələri genişləndirmək imkanlarımız var”, - deyə o, bildirib.
Qeyd edək ki, bu, Bayramovun Malayziyaya 5-ci səfəri idi. O, hər iki ölkənin idxal-ixracın payını artırmağa çalışmalı olduğunu bildirərək, Azərbaycanın Malayziya bazarına kənd təsərrüfatı məhsullarının ixracında, Malayziyadan sənaye malları və texnika idxalında maraqlı olduğunu bildirib.
V.Bayramov izah edib ki, işgüzar dairələrin nümayəndələri ilə aparılan müzakirələr zamanı Malayziya tərəfi kənd təsərrüfatı məhsullarının idxalına və yeni işgüzar əlaqələrin qurulmasına böyük maraq göstərib. Millət vəkili əlavə edib ki, Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) altı faizi aqrar sektorun payına düşür və ölkədən əsasən təzə meyvə, taxıl, kartof, üzüm və tərəvəz ixrac edilir. O qeyd edib ki, Azərbaycan iqtisadi strategiya çərçivəsində ölkənin neft və qaz ixracından asılılığını azaltmaq üçün iqtisadiyyatı şaxələndirməyə çalışır, eyni zamanda, bərpa olunan enerji mənbələrindən istifadəyə doğru gedir.
Bununla bağlı V.Bayramov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəyə birbaşa xarici investisiyalar (BXİ) üçün daha geniş imkanlar yaradır və əlverişli investisiya mühiti yaradır.
“Bizim etibarlı tərəfdaşımız olan Malayziya bundan yararlanmalı və Azərbaycana daha çox sərmayə qoymalıdır”, - deyə o, bildirib.
Bayramov izah edib ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərin genişmiqyaslı yenidən qurulması və bərpasına başlayan Azərbaycan hökuməti Malayziyanın bu ərazilərə, əsasən də turizm, kənd təsərrüfatı, bərpa olunan enerji və ağıllı şəhərlərin, körpülərin, ictimai və yaşayış binalarının tikintisi və s. sahələrinə sərmayə qoymasında da maraqlıdır.
“Bizim 10 illik vergisiz rejimimiz var. Bu sahələrdə xarici müəssisələr növbəti 10 il müddətində vergidən azaddırlar”, - deyə deputat bildirib.
V.Bayramov həmçinin son iki ildə azad edilmiş ərazilərin bərpası üçün hökumətin 6,5 milyard dollara yaxın vəsait xərclədiyini vurğulayaraq, xarici investorlar arasında Türkiyə, İtaliya, Çin, Yaponiya və Böyük Britaniyanın təmsil olunduğunu vurğulayıb.
“Növbəti illərdə işğaldan azad edilmiş ərazilərdə əhalinin artımı tikinti və sosial-iqtisadi inkişafa ehtiyac deməkdir, ona görə də xarici investorların, o cümlədən Malayziyanın daha çox imkanları var”, - deyə o bildirib.
Səfər çərçivəsində azərbaycanlı deputat Malayziya İstehsalçılar Federasiyası (FMM), Xarici İşlər Nazirliyinin və Malayziyanın Strateji və Beynəlxalq Araşdırmalar İnstitutunun (ISIS) yüksək vəzifəli diplomatları ilə də danışıqlar aparıb.
Bayramov bildirib ki, müzakirələrdən sonra Azərbaycan Ticarət və Sənaye Palatası müxtəlif sənaye sahələri arasında əməkdaşlığı təşviq etmək və gücləndirmək məqsədilə FMM ilə Anlaşma Memorandumu imzalamağı planlaşdırır.
FMM saytının məlumatına görə, bu, Malayziyada özəl sektorun ən böyük iqtisadi təşkilatıdır və müxtəlif ölçülü 3000-dən çox istehsal və sənaye şirkətlərini təmsil edir.
Bakıda İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) təsisçisi olan Bayramov bildirib ki, hər iki beyin mərkəzləri - CESD və ISIS qida təhlükəsizliyi ilə bağlı birgə tədqiqat proqramı həyata keçirməyi, həmçinin Bu sahədə Malayziyanın təcrübəsini öyrənmək üçün tanışlıq səfəri təşkil etməyi planlaşdırır..
CESD - Azərbaycanda aparıcı müstəqil iqtisadi beyin mərkəzidir, onun missiyası dövlət siyasəti sahəsində qərarların qəbulu prosesinə müsbət təsir göstərmək məqsədi ilə sosial-iqtisadi problemlərin tədqiqi və təhlilini təşviq etməkdir.
“Biz həmçinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində əməkdaşlarımıza təlim keçmək üçün malayziyalı mütəxəssisləri Azərbaycana dəvət etməyi planlaşdırırıq”, - deyə Bayramov bildirib.
Qida təhlükəsizliyi agentliyinin vəzifələrinə, xüsusilə, qida təhlükəsizliyi standartlarının hüquqi tənzimlənməsinin həyata keçirilməsi, habelə ixrac olunan qida məhsullarına təhlükəsizlik sertifikatlarının, onların rəsmi qeydiyyatı və qablaşdırma materiallarının verilməsi məsələlərinin həlli daxildir.
V.Bayramov bildirib ki, səfərinin məqsədi halal qida sertifikatı sahəsində mümkün əməkdaşlıqdır, çünki Azərbaycan müsəlman, ancaq dünyəvi ölkə olmaqla, sertifikatlaşdırma mexanizmində Malayziyanın təcrübəsini öyrənməyə çalışır.
Bu il Azərbaycan və Malayziya diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edir. Bakı ilə Kuala-Lumpur arasında diplomatik əlaqələr 1993-cü il aprelin 5-də qurulub. Azərbaycan Kuala Lumpurda 2007-ci ilin iyununda, Malayziyanın Bakıda səfirliyi isə 2014-cü il aprelin 1-də öz səfirliyini açıb.
"Çin" teqi üzrə xəbərlər
- Dərmanların heyvanlar üzərində sınaqdan keçirilməsinə daha mərhəmətli alternativ tapılıb
- Tramp üç ölkə ilə bağlı sərt qərar verməyə hazırlaşır
- Çində idmançı-həkim rəqibini xəstəxanalıq etdi
- Çinli qadın hər bürcdə bir uşaq dünyaya gətirir
- Çində onlayn oyunun qalibləri milyonlarla dollar mükafat aldılar