“Azərbaycan Beynəlxalq Bankı” London məhkəməsinin qərarına münasibətini açıqlayıb.
Oxu.Az-ın məlumatına görə, bankın mətbuat xidmətindən APA-ya bildirilib ki, xarici kreditorlar qarşısındakı öhdəliklərin könüllü restrukturizasiyası prosesi uğurla tamamlandıqdan sonra “Azərbaycan Beynəlxalq Bankı” prosesin bu yuridiksiyalarda müddətsiz tanınması məqsədilə ABŞ və Böyük Britaniya məhkəmələrinə müraciət edib:
“Belə bir müraciət BMT-nin Beynəlxalq Ticarət üzrə Komissiyasının (UNCITRAL) çərçivə qanunu əsasında yerinə yetirilən hüquqi prosedurdur. Bu prosedur sırf texniki xarakter daşıyır, transsərhəd effektinə malik deyil və restrukturizasiya prosesinin nəticələrinə də heç bir təsir göstərmir. Restrukturizasiya olunmuş öhdəliklər müqabilində onlara təklif edilən maliyyə alətlərini artıq təhvil almış kreditorlar üçün bu cür texniki proseslər yenilik sayılmır”.
Mətbuat xidmətindən qeyd edilib ki, 18 yanvar 2018-ci il tarixində Nyu-York Məhkəməsi bankın müraciətini təmin edərək artıq ABŞ ərazisində “Azərbaycan Beynəlxalq Bankı”nın aktivlərinə qarşı iddia tələblərinə müddətsiz moratorium barədə qərar çıxarıb:
“London məhkəməsinin belə bir qərarı gözlənilən idi. Çünki ABŞ məhkəmələrindən fərqli olaraq, Böyük Britaniyada birinci instansiya məhkəmələri bu qəbildən olan məsələlərlə bağlı yekun qərarvermə səlahiyyətinə malik deyil və bu proses əlavə vaxt aparır. London məhkəməsi bankın restrukturizasiya prosesinin müddətsiz qaydada tanınması barədə Apellyasiya, yaxud Ali Məhkəməyə müraciət hüququnu tanıyıb. Halbuki məhkəmə bankı belə bir hüquqdan məhrum etmək səlahiyyətinə də malik idi. Bu hüququn tanınması isə məsələnin apellyasiya qaydasında, yaxud Ali Məhkəmədə həllini tapacağı perspektivinin çox böyük olduğunu göstərir”.
Məlum olur ki, moratorium müraciətinin rədd olunması üçün London məhkəməsinə müraciət edən “Sberbank” və “Franklin Tempelton” könüllü restrukturizasiya olunmuş öhdəliklərin cüzi hissəsinə malikdir:
“Böyük Britaniya ərazisində bankın aktivlərinə iddia tələblərinə qarşı məhkəmə moratoriumu 06 iyun 2017-ci il tarixindən qüvvəyə minib və bu günə qədər hüquqi qüvvəsini qoruyur. Bu kreditorların tələbləri restrukturizasiya prosesinin nəticələrinə hər hansı şəkildə xələl gətirmir. Çünki bu tələb sırf kommersiya mübahisəsi mahiyyəti daşıyır və restrukturizasiya prosesindən kənardır.
L.Ə.
www.oxu.az