Zığ qəsəbəsində təhsil, elm və texnologiya parkının yaradılması “Böyük Bakının Regional İnkişaf Planı”na daxil olan Məxsusi Bakının Baş planı üzrə əsas prinsipial təkliflərdəndir.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, bu barədə layihənin əlaqələndiricisi, Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov məlumat verib.
O qeyd edib ki, Balaxanı və Lökbatan qəsəbələrində kiçik və orta sənaye zonalarının, Böyük Şor gölünün şimal hissəsində mütəşəkkil sənaye zonasının, Biləcəri qəsəbəsində logistika mərkəzlərinin yaradılması bu ərazilərin iqtisadi inkişafına müsbət təsir göstərəcək.
Layihədə həmçinin yaşayış standartlarına cavab verməyən məskunlaşma ərazilərində yenidənqurma işlərinin aparılması, dəmir yollarının bərpası, yeni dəmir yolu xətlərinin salınması təklif olunur.
Diqqət çəkən məqamlardan biri də əhalinin mənzilə olan tələbatının ödənilməsi məqsədilə müasir məskunlaşma ərazilərinin salınmasıdır.