"Son həftələr kriptovalyuta bazarında yüksək volatillik müşahidə olunur və bu, investorların davranışında ehtiyatlılıq yaratmaqla yanaşı bazarın ümumi dinamikasına təsir edir. Çünki aparıcı aktivlərdən "Bitcoin" 84-87 min dollar aralığından geri dönərək 90 min dollardan yuxarı səviyyəyə yüksəlib, "Ethereum" isə 3 min dollara yaxın qiymətlər ətrafında dalğalanmaqda davam edir".
Bu sözləri iqtisadçı Kamran Hacıyev Oxu.Az üçün kriptovalyuta bazarında son tendensiyaları şərh edərkən deyib.
Onun sözlərinə görə, kriptovalyuta bazarında son qiymət dəyişiklikləri investorları gözləmə mövqeyinə keçirib:

"Qiymətlərin belə dəyişməsi fonunda bir çox sərmayəçi riskləri azaltmaq məqsədilə vəsaitlərini stabilkoinlərə yönəldir və bazarda gözləmə mövqeyi güclənir".
İqtisadçı vurğulayır ki, bazarda qısamüddətli artım siqnalları görünsə də, əsas trend qlobal makroiqtisadi fonun təsiri ilə formalaşır:
"Çünki ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələri ilə bağlı qeyri-müəyyən siyasəti kriptovalyutalara təzyiq yaradır, institusional investorların böyük həcmdə kapital çıxarışları qiymətləri aşağı salır, əksinə yeni kapital axınları bazarın bərpasını dəstəkləyir".
Kamran Hacıyevin fikrincə, orta və uzunmüddətli perspektivdə "Bitcoin"in məhdud emissiyası və "Ethereum"un texnoloji üstünlükləri bazarın bərpa potensialını gücləndirir, lakin qlobal likvidliyin azalması, mərkəzi bankların siyasəti, geosiyasi gərginlik və maliyyə bazarlarındakı qeyri-müəyyənlik kimi risklər hələ də qalmaqdadır.
O hesab edir ki, hazırda kriptovalyutaların qiymətinə ən güclü təsir edən amillər faiz siyasəti, institusional investorların mövqeyi, ABŞ iqtisadi göstəriciləri, qlobal risk iştahası və böyük kripto birjalarındakı likvidlikdir:
"Əgər makroiqtisadi mühit sabitləşərsə, "Bitcoin" və "Ethereum" ilin ikinci yarısında yenidən artım trayektoriyasına qayıda bilər, əks halda bazardakı konsolidasiyanın bir qədər də uzanması istisna edilmir".
Elmidar Əliyev