Bank olmayan kredit təşkilatlarında (BOKT) kredit risklərinin idarə edilməsi ilə bağlı yeni qaydalar sabahdan qüvvəyə minəcək.
Oxu.Az-ın məlumatına görə, kredit üzrə edilməli olan bütün ödənişlərin ümumi məbləği əsas borcun 100 faizindən çox olmamalıdır.
Yəni 1 000 manat əsas borc varsa, həmin kredit üzrə ödəniləcək bütün məbləğ 2 000 manatdan çox ola bilməz.
Bu tələbə restrukturizasiya (restrukturizasiya - mövcud kreditin ödəniş şərtlərinin bankla qarşılıqlı razılıq əsasında dəyişdirilməsi və müştərinin ödəmə imkanlarına uyğunlaşdırılması prosesidir - red.) edilmiş kreditlərə də şamil olunacaq.
Kreditin əsas məbləği üzrə qalıq məbləğinin 20 faizinin ödənilməsi şərti ilə kredit yalnız bir dəfə və maksimum 45 gün müddətinə restrukturizasiya olunur.
Bu zaman gecikdirilmə faizləri və ya dəbbə pulu tətbiq edilmir.
Restrukturizasiya borcalanın maliyyə çətinliyi yaranması səbəbindən borc öhdəliyinin icrasını təmin etmək məqsədilə müqavilə şərtlərinin dəyişdirilməsi və ya eyni BOKT-də olan mövcud borc öhdəliklərinin icrasına yönəldilməsi üçün yeni borc öhdəliyi kimi rəsmiləşdirilməsidir.
Borcalanın maliyyə çətinliyinin yaranması dedikdə onun pul axınlarının mövcud müqavilə şərtlərinə əsasən öhdəliklərinin icrası üçün adekvat olmaması, kredit bürolarının məlumatları əsasında öhdəliklərinin ümumi məbləğinin ən azı 20 faizinin 90 gündən çox gecikdirilməsi və ya belə halların baş verməsi ehtimalı nəzərdə tutulur.
Bu müddəada 90 gündən çox gecikmə ilə bağlı hissəyə gündəlik kreditlər istisnadır.
Həmçinin yeni və ya əlavə güzəşt müddətinin verilməsi ilə bağlı müddəanın tətbiqi zamanı da gündəlik kreditlər istisna olunub.