Çarlz Veleyin rəhbərlik etdiyi beynəlxalq səyyahlar qrupu Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər monastırını ziyarət ediblər.
Oxu.Az xəbər verir ki, səfər zamanı qonaqlara monastırın tarixi, memarlıq xüsusiyyətləri və bölgənin zəngin mədəni irsi haqqında ətraflı məlumat verilib. Beynəlxalq səyyahlara, həmçinin ermənilər tərəfindən monastırın tarixi və mədəni kimliyinin dəyişdirilməsinə, onun mənşəyinin təhrif olunmasına yönəlmiş müdaxilələr barədə məlumat verilib.
Bildirilib ki, abidələrin qorunması, onların ilkin görkəminin və tarixi kimliyinin saxtalaşdırılmadan gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır.
"Most Traveled People" (MTP) klubunu təmsil edən bir qrup beynəlxalq səyyah Kəlbəcər rayonunda yerləşən qədim Alban monastırı Xudavəngi ziyarət edib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, qonaqlar Qafqaz Albaniyasının qədim abidələrindən birinin tarixi və memarlıq irsi ilə tanış olmaq imkanı əldə ediblər.
Səyyahlar həmçinin monastır ərazisini gəzib, daha sonra Kəlbəcər rayonunun dağlıq landşaftları arasında yerləşmə xüsusiyyətləri ilə tanış olublar.
Qeyd edək ki, bu gün dünyaşöhrətli "Most Traveled People" (MTP) klubunun təsisçisi Çarlz Vilinin rəhbərliyi ilə beynəlxalq səyyahlar qrupunun Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günüdür.
Nümayəndə heyətində ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə və Böyük Britaniya da daxil olmaqla 13 ölkədən 40-a yaxın səyyah təmsil olunur.