İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağında həyata keçirdiyi zərbələr nəticəsində HƏMAS-ın hərbi qanadının bölük komandirini və Fələstinin "İslami Cihad" qruplaşmasının raket bölməsinin rəhbərini zərərsizləşdirib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
"İsrail Müdafiə Ordusu Əl-Furqan bölgəsində HƏMAS-ın hərbi qanadının bölük komandiri Məhəmməd Aca, Qəzza şəhərində isə "İslami Cihad"ın hərbi qanadının raket bölməsinin komandiri Vəlid Həsən Əbu Əl-Atanı məhv edib", - deyə bəyanatda bildirilir.
Mətbuat xidməti, həmçinin əlavə edib ki, Qəzza şəhərində "İslami Cihad"ın hərbi qanadının daha bir radikal üzvü də zərərsizləşdirilib.
SAXAL-ın məlumatına görə, məhv edilən şəxslər anklavda atəşkəs razılaşmasının şərtlərini pozaraq "hərbçilərə hücumlar təşkil edir və terror təşkilatlarının döyüş qabiliyyətini bərpa etmək məqsədilə fəaliyyət göstərirdilər".