"Ermənilər Xudavəng monastırında işğalın son 10-20 ili ərzində qanunsuz bərpa işləri aparıblar və bu işlərin məqsədi tarixi saxtalaşdırmaq olub".
Oxu.Az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) çərçivəsində keçirilən "Türk sivilizasiyasında mədəni irs və biomüxtəlifliyin qorunması: ortaq ənənələrdən birgə fəaliyyətə doğru" müzakirədə deyib.
Onun sözlərinə görə, onlar, hətta özlərinin bərpa etdikləri iki freskanı da sonradan divarlardan qoparıblar:
"Ermənilər həmin ərazini tərk edərkən bu freskaları oğurlayıb aparıblar. Biz bununla bağlı məlumatı beynəlxalq ictimaiyyətə və dairələrə təqdim etmişik. Ümid edirəm ki, beynəlxalq ictimaiyyət mədəni irsimizin bu nümunələrinin geri qaytarılmasına kömək göstərəcək".
"Qarabağ və Şərqi Zəngəzurda yerləşən 130 abidənin inventarlaşdırılması ərazinin mina təhlükəsinə görə hələ tamamlanmayıb. Genişmiqyaslı humanitar minatəmizləmə işlərindən başlayan Azərbaycan bərpa prosesində insan və mədəniyyət mərkəzli yanaşma tətbiq edir. Tarixi abidələr bərpa olunur, mədəniyyət müəssisələri yenidən açılır, ağıllı kəndlər və müasir şəhərlər salınır", - deyə xidmət rəisi əlavə edib.