2016-cı ilin birinci yarısının axırına, BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2903 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Bu rəqəm ötən ilin axırı ilə müqayisədə 168 nəfər artım deməkdir.
Bu barədə Oxu.Az “BP-Azerbaijan” şirkətinin “Biznes Əməliyyatları Hesabatına” istinadən xəbər verir.
Şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 85%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı vitse-prezident daxildir.
BP-nin 2018-ci ilin sonunadək ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var.
Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər.
İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak, iş icrasının idarə olunması üzrə şirkətdaxili prosesin daha da gücləndirilməsi daxildir.
Qeyd edək ki, 2015-ci ilin axırına BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2735 nəfər, bu ilin birinci rübünün axırına isə 2926 nəfər (23 nəfər azalıb) olub.
Ülviyyə R. Əli
www.oxu.az