Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Brent neftinin qiyməti 50 dollardan aşağı düşdü – YENİLƏNİB
Beynəlxalq birjalarda Brent markalı neftin qiyməti bu dəqiqələrdə 50 dollar/bareldən aşağı düşüb.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, son dəfə Brent markalı neftin qiyməti mayın 10-da 50 dollar/bareldən aşağı satılıb.
Neftin qiymətinin düşməsinə səbəb ABŞ-da gündəlik neft hasilatının artması, OPEC+ anlaşmasının investorların gözləntilərini doğrultmaması və ABŞ-ın iqlim dəyişikliyi ilə Paris anlaşmasından çıxması amilləri göstərilir.
Neft qiymətlərinin ABŞ-da neft hasilatının sabitlik müşahidə olunana qədər azalması proqnozlaşdırılır. Reportun analitik qrupu hesab edir ki, Brent markalı neftin 45 dollar/barel səviyyəsi neft bazarı üçün optimal hədd sayıla bilər.
10:28
ABŞ-ın kommersiya neft ehtiyatları 20-26 may həftəsində 6,4 mln. barel və ya 1,2% azalaraq 509,9 mln. barelə geriləməsinə baxmayaraq, neftin qiymətləri iyunun 1-də 1,5%-ə yaxın azalaraq 50 dollar/barelə düşüb.
Oxu.Az-ın məlumatına görə, “Report” “Forexpf.ru” saytına istinadən xəbər verir ki, neftin qiymətlərinin ucuzlaşmasına səbəb dünən, iyunun 1-də ABŞ prezidenti Donald Trampın iqlim dəyişikliyi ilə mübarizə anlaşmasından çıxması olub.
ABŞ-ın qərarı bu ölkədə neft hasilatının genişlənməsi ilə bağlı gözləntiləri artırıb. Bu da öz növbəsində onsuz da gərgin olan neft bazarında narahatlıqları bir qədər də artırıb.
Reportun analitik qrupu Brent markalı neftin qiymətinin 43-45 dollar/barelə qədər azala biləcəyini proqnozlaşdırır. Normal şərtlər altında neftin qiyməti ilin sonuna qədər 42-52 dollar/barel diapazonunda dəyişə bilər.
Qeyd edək ki, ABŞ-da neft hasilatı hesabat həftəsində 22 min barel/gün və ya 0,24% artaraq 9,342 mln. barel/günə çatıb.
09:00
Dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşıb.
Bu barədə Oxu.Az Bloomberg-ə istinadən xəbər verir.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,53% azalaraq 50,36 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,68% ucuzlaşaraq 48,03 dollar təşkil edib.
U.A.
www.oxu.az