Böyük Britaniya hökuməti pərakəndə investorlara yönəlmiş kriptovalyuta reklamlarının yerləşdirilməsinə nəzarəti ələ almağı planlaşdırır.
Bu barədə “RİA Novosti” ölkənin Maliyyə Nazirliyinə istinadla xəbər yayıb.
Bildirilir ki, hazırda tənzimlənməyən kriptovalyuta reklamı maliyyə məhsulu haqqında məlumatın qeyri-şəffaf olması səbəbindən potensial investorlara risk yarada bilər.
Ölkənin Maliyyə Nazirliyi Böyük Britaniyanın Maliyyə Nəzarət Təşkilatına (FCA) müvafiq səlahiyyətlərə sahib olmağı təklif edir. Maliyyə məhsulları və xidmətləri üçün reklam təqdim edən səlahiyyətli şirkətlər kriptovalyutanı reklam etmək üçün FCA-dan icazə almalıdırlar.
Maraqlanan orqanlar və bazar iştirakçıları ilə məsləhətləşmələrin iyulun 20-dən 25-dək aparılacağı gözlənilir.