Bu ilin birinci yarısında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə təqribən 17,8 milyon ton (134 milyon barel) xam neft ixrac olunub.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin ilin birinci yarısına dair hesabatında qeyd olunub.
“İlin birinci yarısında ixrac olunan neft Ceyhanda 185 tankerə yüklənib.
2006-cı ilin iyun ayından etibarən isə BTC vasitəsilə nəql edilmiş ümümilikdə təxminən 2 milyard barel (263 milyon ton ) xam neft Ceyhanda 2 580 tankerə yüklənilib və dünya bazarlarına göndərilib”, - deyilir hesabatda.
Avqustun 11-də BTC Türkiyənin Ceyhan terminalında yüklədiyi 2 milyardıncı barel nefti yola salmağını qeyd edib.
Qeyd edək ki, 1768 km uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyun ayından istismara verilib. BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir.
Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur. 2013-cü ilin oktyabrından başlayaraq BTC vasitəsilə müəyyən həcmlərdə Tengiz neftinin nəql olunması bərpa olunub.
Bundan əlavə, bu ilin fevral ayında Dövlət Neft Şirkətinin əməliyyatçısı olduğu Şimal Marşrutu İxrac Boru Kəmərinin axın istiqaməti dəyişdirilib. Bu, BP ilə ARDNŞ-nin bu boru kəməri boyunca bir neçə obyektin yenidən işə salınması üçün birgə səylərinin nəticəsi idi. Kommersiya razılaşmalarının yekunlaşması Şimal Marşrutu İxrac Boru Kəmərindən neft həcmlərinin BTC vasitəsilə ixracına imkan verib.
BTC Ko.-nun səhmdarları: BP (30,1%); AzBTC (25.00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5.00%); Total (5.00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və ONGC (BTC) limited (2,36%) şirkətləridir.