Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bu gün banklara verilən vaxt başa çatır
Bu gün Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) banklara maliyyə hesabatlarını açıqlamaları ilə bağlı verdiyi müddət başa çatır.
Oxu.Az "Marja"ya istinadən xəbər verir “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, banklar maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində (31 Mayadək) maliyyə nəticələrinə dair kənar audit hesabatlarını öz rəsmi internet səhifələrində və kütləvi informasiya vasitələrində dərc etməlidirlər.
Lakin ölkədə fəaliyyət göstərən bankların yarısı hesabatlarını açıqlamadıqlarından iyunun əvvəlində MBNP banklar və audit şirkətlərinin rəhbərləri ilə görüş keçirdi. Görüşdə banklar hesabatların açıqlanmasında gecikmələrin, əsasən, auditorlarla olan fikir ayrılığı, habelə Maliyyə Bazarlarına Nəzarət Palatasının bankların auditinə dair tələbləri ciddiləşdirməsi ilə bağlı olduğunu irəli sürdülər.
Buna baxmayaraq, müştərilərinin bankların maliyyə vəziyyətinə dair vaxtında və obyektiv məlumat əldə etmək hüququnun məhdudlaşdırılmasının yolverilməzliyi bir daha vurğulanmaqla, banklar tərəfindən 15 iyun 2017-ci il tarixinə qədər audit hesabatlarının dərc olunmasına dair öhdəlik müəyyən olundu.
Bu gün İyunun 14-dür. Sabah Milli Qurtuluş Günü ilə əlaqədar qeyri-iş günü olduğundan banklar bu gün axşamadək audit hesabatlarının dərc olunmasını təmin etməlidirlər.
Məlumat üçün bildirək ki, palatanın xəbərdarlığından sonra 13 bankdan yalnız “Bank VTB Azərbaycan” illik hesabatını rəsmi İnternet səhifəsində yerləşdirib.
L.Ə.