Cari ilin iyulun 1-nə əmanətlərin məbləği 7 milyard 815,6 milyon manat təşkil edib. Bu isə iyunun 1-i ilə müqayisədə 3,3% və yaxud 249,7 milyon manat çoxdur.
Oxu.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, cari ilin əvvəlindən müşahidə edilən ilk artımdır.
İlin əvvəlinə nisbətən fiziki şəxslərin müddətli depozitləri 17,5% azalıb, illik müqayisədə 162 milyon manat və ya 2,1% artıb.
Bundan başqa, bu ilin əvvəlindən Azərbaycanda ilk dəfə iyunda banklar tərəfindən kredit qoyuluşu artıb.
İyun ayının yekunlarına görə, bankların məcmu kredit portfeli 17 milyard 885,4 milyon manat təşkil edib. Bu isə iyunun 1-i ilə müqayisədə 1,35% və yaxud 237,1 milyon manat çoxdur.
Kredit qoyuluşu ilin əvvəli ilə müqayisədə 3 milyard 279,1 milyon manat 15,5%, illik müqayisədə isə 1 milyard 812,5 milyon manat və ya 9,2% azalıb.
Ülviyyə R. Əli
www.oxu.az