Nazirlər Kabineti fiskal dayanıqlığın təmin edilməsi və dövlət maliyyəsinin uzunmüddətli sabitliyinin qorunması məqsədilə "Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası"nı təsdiq edib.
Oxu.Az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, bu qaydalar büdcə-vergi siyasətinin beynəlxalq standartlara uyğunlaşdırılması və proqnoz xətalarının azaldılmasına xidmət edir. Yeni mexanizmə əsasən, ortamüddətli dövr üçün hədəf göstəriciləri hər dörd ildən bir müəyyən ediləcək.
Qaydalara görə, iki əsas göstərici əsas götürülür:
- Vergi və gömrük güzəştlərinin qeyri-neft-qaz ÜDM-ə nisbəti: Bu göstərici güzəştlərin miqyasını və büdcəyə fiskal təsirini ölçməyə imkan verir.
- Qeyri-neft-qaz gəlirləri üzrə proqnoz və faktiki göstəricilər arasındakı fərq: Bu, büdcə proqnozlaşdırılmasının səmərəliliyini və fiskal intizamı əks etdirir.
Hədəf göstəriciləri Maliyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılaraq hazırlanacaq və növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ilə birlikdə Milli Məclisə təqdim olunacaq. Hədəflərin icra vəziyyəti barədə hesabatlar isə hər il dövlət büdcəsinin icrası ilə bağlı sənədlərdə əksini tapacaq.