Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka İqtisadiyyat və Sənaye Nazirliyində olub.
Bu barədə Oxu.Az-a nazirlikdən məlumat verilib.
Görüşdə mart ayında Çexiyanın sənaye və ticarət naziri Yan Mladekin Azərbaycana səfəri və iş adamları arasında biznes forumun keçirilməsi məsələləri müzakirə edilib.
Şahin Mustafayev bildirib ki, iki ölkə arasında hökumətlərarası komissiya fəaliyyət göstərir, ticarət əlaqələri genişlənir, investisiya qoyuluşu həyata keçirilir.
Səfir isə öz növbəsində ölkələrimiz arasında əlaqələrin inkişafı üçün böyük potensialı qeyd edib. O, Çexiyanın Azərbaycanla qeyri-neft sahəsində əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.