Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən “Şəhriyar-99” adlanan firmada nöqsanlar aşkar edib.
Bu barədə Oxu.Az-a komitədən bildirilib.
Komitənin məlumatına görə, araşdırma zamanı məlum olub ki, firmanın istehsal sahəsi 6 və 8 mm.lik polad yuvarlaq (katinka) istehsalı üçün nəzərdə tutulub. Lakin müəssisədə çoxpilləli seksiyalı mərkəzdənqaçma nasosları və mancanaq dəzgahlarının hissələri də istehsal olunub.
“Sözügedən məhsullar uyğunluq sertifikatı olmadan istehsal edilib ki, bununla da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10.5-ci maddəsinin tələbi pozulub”-deyə, komitə bildirib.
Həmçinin polad yuvarlaqları istehsal edən dəzgahların ehtiyat hissələrinin hazırlanmasında istifadə olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlamasından keçmədiyi müəyyən olunub. Bununla da “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasını Qanununun tələbləri pozulub.
Aşkar olunmuş nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub və məhsulların istehsalına qadağa qoyulub.
Qeyd edək ki, firma polad əritmə və tökmə, 6 və 8 mm.lik polad yuvarlaq, çoxpilləli seksiyalı mərkəzdənqaçma nasosları və mancanaq dəzgahlarının hissələri istehsalı ilə məşğul olurdu.
Ülviyyə R. Əli
www.oxu.az