Azərbaycanda daha bir mənzil-tikinti kooperativinin qanunsuz əməlləri ifşa edilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi rayon Məhkəməsinə daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı “Lalə-H” Mənzil-tikinti kooperativinin vəzifəli şəxslərinin qulluq mövqeyindən sui-istifadə edərək kooperativ tərəfindən paytaxtın Binəqədi rayonu ərazisində inşa edilən çoxmərtəbəli yaşayış binasındakı mənzili təkrarən saxta müqavilə əsasında Bakı şəhər sakininə 95 min manata satmaqla sonuncuya külli miqdarda zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.