Artıq uzun müddətdir ki, "DəmirBank"ın sabiq filial müdiri Fərəh Rəşadətli və bir qrup şəxslə bağlı məhkəmə prosesi davam edir. "DəmirBank" 28 illik tarixi ərzində hər zaman qanun çərçivəsində fəaliyyət göstərib, bütün müştərilərin hüquqlarını qorumağa çalışıb və bununla yüz minlərlə müştərinin etimadını qazanıb. İstintaq başlandığı gündən Bank rəhbərliyi tərəfindən Bankın əməkdaşlıq etməyə hazır olduğu bildirilib və hüquq-mühafizə orqanları tərəfindən tələb olunan bütün proseslərdə iştirak edilib. Proses başladığı müddətdən qanun çərçivəsində istənilən məlumatların açıqlanmasına Bank tərəfindən heç bir qadağa qoyulmayıb və gələcəkdə də qoyulmayacaq.
Yol verilmiş qanun pozuntuları nəticəsində məhkəmə proseslərində iştirak edən şəxslərdən kənar heç bir Bank müştərisinin hüququ pozulmayəb, hesablarına müdaxilə edilməyib. Bununla yanaşı, zərərçəkmiş qismində çıxış edən Banka dəyən maddi-mənəvi və imic zərərinə görə Bankın nümayəndəsi tərəfindən təqsirləndirilən şəxslərə qarşı məhkəmə iddiası qaldırılıb.
Zəngin tarixə malik "DəmirBank" Azərbaycanın aparıcı banklarından biri olmaqla, hazırda ölkə üzrə bir çox regionları əhatə etməklə geniş xidmət şəbəkəsinə malikdir.
Hazırda "DəmirBank"ın səhmdarları arasında Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya Maliyyə Təşkilatı kimi beynəlxalq maliyyə institutları yer alır.