Azərbaycanda soğan idxalına gömrük rüsumunun ləğv edilməsi qiymətin az da olsa, aşağı düşməsinə gətirib çıxaracaq.
Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Vahid Əhmədov Azərbaycan hökumətinin ölkəyə idxal olunan soğana tətbiq edilən gömrük rüsumunu ləğv etməsinə münasibət bildirərkən deyib.
“Ərzaq məhsullarının, o cümlədən, kartofla soğanın qiymətində artımlar var.
Azərbaycanın iqtisadiyyat naziri bununla əlaqədar hökumətə müraciət edib, yəni ixracla bağlı müəyyən məsələri həll etməyə çalışır”, - deyən millət vəkilinin sözlərinə görə, soğanın qiymətinin artması və bazarda soğanın azalması bu məhsulun il ərzində daha çox Türkiyəyə ixrac edilməsi ilə bağlı olub.
“Bu il kifayət qədər soğan məhsulu Türkiyəyə göndərilib və bu baxımdan, indi ölkədə soğan qıtlığı yaranıb. Ona görə gərək bunu vaxtında nəzərə alaydılar. Amma indi qəbul edilən qərar Azərbaycanda soğanın qiymətinin azalmasına gətirib çıxaracaq. Bununla belə, soğanın qiymətinin aşağı salınması üçün bazarda kifayət qədər soğan olmalıdır.
Ümumiyyətlə, elə etmək lazımdır ki, idxal-ixrac əməliyyatlarına Dövlət Gömrük Komitəsi, o cümlədən, bəzi nazirliklər tərəfindən müəyyən qədər nəzarət olsun.
Biz istənilən məhsulu ixrac edirik, sonra da baxırıq ki, Azərbaycanın özünün daxili bazarında məhsul yoxdur və ya məhsulun qiymətində artım var. Bunlar ciddi problemlərdir və daim ciddi nəzarətdə saxlanılmalıdır. Hökumət bununla ciddi məşğul olmalıdır. Bu baxımdan, yəqin ki, qəbul olunan qərarlar soğanın qiymətinin ucuzlaşmasına gətirib çıxaracaq”, - deyə V.Əhmədov əlavə edib.
Kamil HƏMZƏOĞLU