2014-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.9 faiz azalaraq 9338.9 milyon manat təşkil edib.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, dövlət büdcəsinin xərcləri 0.1 faiz azalaraq 8723.9 milyon manat təşkil edib.
“Büdcənin profisiti 615 milyon manat və ya ümumi daxili məhsulun 2.1 faizi səviyyəsində olub. Büdcə gəlirlərinin 12.7 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən, 16.4 faizi əlavə dəyər vergisindən, 4.9 faizi fiziki şəxslərin gəlir vergisindən, 4.3 faizi aksiz vergisindən, 3.9 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilərdən, 2.6 faizi digər vergilərdən daxil olub, 55.2 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.
Büdcə vəsaitlərinin 4087.2 milyon manatı (46.8 faizi) iqtisadiyyatın inkişaf etdirilməsinə, 987.4 milyon manatı (11.3 faizi) əhalinin sosial müdafiəsi və sosial təminatına, 904.0 milyon manatı (10.4 faizi) isə təhsil və səhiyyənin maliyyələşdirilməsinə xərclənib. Xərclərin 21.2 faizini (1853.1 milyon manatını) əhaliyə əmək haqqı, pensiya və müavinət ödəmələri təşkil edib”, - deyilir məlumatda.
Gülnarə Zeynalova