Dövlət Sosial Müdafiə Fondunda İran İslam Respublikasının ölkəmizdə səfərdə olan İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə Oxu.Az-a DSMF-dan məlumat verilib.
Fondun sədri Elman Mehdiyev qeyd edib ki, son 10 il ərzində DSMF-nin büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 6,3 dəfə artaraq 1 milyard 745 milyon manata çatdırılmışdır. Bu artımlar, eləcə də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ayrılan əlavə dövlət dəstəyi hesabına pensiya xərclərinin ölkənin ÜDM-ə olan nisbəti əhəmiyyətli şəkildə yüksəlmiş, 2003-cü ildə 3,9% təşkil etdiyi halda, 2014-ci ildə 4,6%-ə çatıb.
“Ölkəmizdə qurulmuş müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə bir tərəfdən əmək fəaliyyəti göstərən 3 milyon 40 min nəfərdən çox şəxsin fərdi uçot əsasında bilavasitə öz gələcək pensiya təminatının iştirakçısına çevrilməsi, digər tərəfdən isə sığorta-pensiya sistemindəki bir sıra əlavə hüquq və imtiyazların demoqrafik göstəricilərə uyğunlaşdırılması, pensiya hüququ üzrə yaş və staja olan tələbin tənzimlənməsinə dair vaxtında qəbul edilmiş düzgün preventiv qərarlar sistemin maliyyə dayanıqlığı və islahatların davamı üçün əlverişli şəraiti təmin edib. Bütün bunlar dünyada iqtisadi böhranın sosial mərhələsinin davam etdiyi hazırki şəraitdə Azərbaycanda pensiya proqramlarının vaxtında və tam icra edilməsinə birbaşa təsir göstərməkdədir”-deyə, sədr bildirib.
E.Mehdiyev bildirib ki, bütün bunlarla yanaşı, Azərbaycanda uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir. Çünki beynəlxalq təcrübə bir daha təsdiq edir ki, pensiya sistemlərinin səmərəliliyi, bu sistemlərin hazırkı cəlbediciliyi və sosial imtiyazlar təqdim etməsi ilə deyil, uzunmüddətli perspektiv üçün maliyyə dayanıqlığına malik olmaları ilə ölçülür.
Öz növbəsində, İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii Azərbaycanın qabaqcıl dünya təcrübəsinə uyğun qurulmuş sığorta-pensiya sistemində görülən işləri, əldə olunmuş nailiyyətləri yüksək dəyərləndirərək bunun ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını bildirib.
Qeyd edək ki, görüşdə Görüşdə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini, bu ölkənin İslami Şura Məclisinin üzvləri, millət vəkilləri Salar Muradi, Əli Mərdani və başqaları da iştirak edib.
Ülviyyə R.Əli
www.oxu.az