2014-cü ilin yanvar-aprel aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 957,2 mln. manat təşkil edib ki, bu da cari ilin proqnoz göstəricisindən 8,6 mln. manat və ya 0,9 faiz çoxdur.
Oxu.Az xəbər verir ki, DSMF-dən verilən məlumata görə, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 9,9 mln. manat və ya 1,9 faiz yuxarı olmaqla 2013-cü ilin müvafiq dövrünə nisbətən 12,7 faiz və ya 58,9 mln. manat artaraq 522,7 mln. manat təşkil edib.
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 64,9 faizi və ya 339,4 mln. manatı qeyri-büdcə sektorunun payına düşür.
“2014-cü ilin yanvar-aprel aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 183,3 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,2 faiz və ya 15,4 mln. manat artıb, proqnoz isə 96,4 faiz icra olunub”, - məlumatda deyilir.
Qeyd edilir ki, sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 0,7 mln. manat təşkil edib.
Dövlət büdcəsindən 433,8 mln. manat məbləğində transfert Fondun xəzinə hesabına köçürülüb.
DSMF-dən verilən məlumata görə, 2014-cü ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xərcləri 941,3 mln. manat olub.
Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 924,9 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 116,8 mln. manat və ya 14,5 faiz çoxdur. Pensiya xərcləri 2013-ci ilin müvafiq dövrünə nisbətən 14,4 faiz və ya 113,5 mln. manat artaraq 903,0 mln. manat təşkil edib.
Hesabat dövründə əhaliyə 21,9 mln. manat məbləğində müavinət ödənilib ki, bunun da 29,5 faizi hamiləliyə və doğuma görə, 27,2 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 17,8 faizi dəfn üçün, 25,5 faizi isə digər müavinətlərin payına düşür.
DSMF-in digər xərcləri 16,4 mln. manat (o cümlədən Dövlət Sosial Müdafiə Fondunun aparatının və yerli orqanlarının saxlanılmasına 6,7 mln. manat, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərclərinə 3,7 mln. manat, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclərə 5,1 mln. manat, sair xərclər 0,9 mln. manat) təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövrünün göstəricisindən 2,6 mln. manat və ya 18,8 faiz çoxdur.
Gülnarə Zeynalova
www.oxu.az