Sabirabad Rayon Perinetal Mərkəzində çəkilən video sosial şəbəkələrdə geniş müzakirə mövzusuna səbəb olub.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, videoda Sabirabad Rayon Perinetal Mərkəzin direktoru Vüsal Məmmədovun xəstə yaxınlarından rüşvət tələb etməsini görmək mümkündür.
Xəstə yaxınları isə “əsas can sağlığıdır, pul isə boş şeydir” deyir. V.Məmmədov isə cavab verir ki, pul heç də boş şey deyil.
“Pul yoldaşlıqda, dostluqda keçmir. Qalan şeylərdə pul keçir. Mənə də pul lazımdır. Axı mənim də həmkarlarım var. Onlarla da mənə verilən pulu bölüşürəm. Polis də, hakim də dar ayaqda hamısı həkimə müraciət edir” - Vüsal Məmmədov deyir.
Məsələ ilə bağlı Vüsal Məmmədov ilə əlaqə saxladıq. O bildirdi ki, onun rüşvət tələb etməsi ilə bağlı yayılan videonu görməyib.
“Ona görə də heç bir söz deyə bilmərəm. Ola bilsin video montajdır” - V.Məmmədov deyib.
30 yaşlı həkim onların xəstəxanasında rüşvət alma hallarının olmadığını da bildirib.
Qeyd edək ki, mayın 14-də Sabirabad Rayon Perinetal Mərkəzin direktoru Vüsal Məmmədov Rzayeva Alidə Ağalar qızı üzərində qeysəriyyə əməliyyatı keçirmişdi. Əməliyyatdan sonra Alidə Rzayeva dünyasını dəyişmişdi.
16:57
Azərbaycanda doğum zamanı həyatını itirən anaların sayı xeyli artıb. Son günlər mətbuatda yayılan xəbərlərdə ana ölümü ilə bağlı tez-tez adı keçən xəstəxanalardan biri də Sabirabad Rayon Perinetal Mərkəzidir.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, xəstəxanada çəkilən gizli video isə sosial şəbəkələrdə səs-küyə səbəb olub.
Belə ki, videoda xəstəxananın direktoru Vüsal Məmmədovun xəstə yaxınlarının biri ilə can “alver”i etdiyi əks olunub.
Vüsal Məmmədov xəstənin verdiyi məbləğlə razılaşmır və daha çox pul tələb edir. Həkimə 200 manat verən xəstə pulunun bu qədər olduğunu, başqa gəliri olmadığını söyləyir. Həkim isə qarşılığında həmin pulun xəstənin dərmanlarının və “narkoz verənin” pulu olduğunu deyir.
“Əməliyyat etməmişdən əvvəl 500 manat istəsəydim və pulu vermədiyin təqdirdə əməliyyat etməsəydim, nə edəcəkdin?” deyən həkim bu sözləri ilə xəstə yaxınını hədələyir. Vüsal Məmmədov həkimlə halallaşmağın vacibliyini də vurğulamağı unutmur.