Bu ilin yanvar ayında ixrac olunan malların dəyəri keçən ilin müvafiq dövrünə nisbətən 31,70 faiz azaldığı halda idxal olunan malların dəyəri keçən ilin müvafiq dövrünə nisbətən 7,16 faiz artıb. Yəni, ərzaq və kənd təsərrüfatı məhsullarının ixracı kəskin azaldığı halda, eyni qrup malların idxalı dəfələrlə artıb.
Oxu.Az xəbər verir ki, bu sözləri aqrar sektor üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib.
Ekspertin sözlərinə görə, ölkənin kənd təsərrüfatı məhsullarına olan tələbatının idxaldan asılılığı get-gedə daha geniş çeşiddə mallarla artır:
“Dövlət Gömrük Komitəsinin hesabatından aydın olur ki, əsas qida məhsulları olan ət və qida üçün yararlı ət əlavələri idxalı 319%, yəni 3 dəfədən çox, əsasən ətlik, yəni kəsim üçün nəzərdə tutulan diri heyvanların idxalı 123%, kərə yağı 196%, süd məhsulları; quş yumurtası; təbii bal, başqa yerdə adı çəkilməyən və təsnif olunmayan heyvan mənşəli ərzaq məhsulları 43%, un üyütmə-yarma sənayesi məhsulları; səməni; nişastalar; inulin; buğda kleykovinası – 63,53%, meyvə-tərəvəz idxalı 43% artıb”.
Vahid Məhərrəmov statistika əsasında digər qida və kənd təsərrüfatı məhsullarının idxalda artım göstəricilərinə də toxunur:
“Yeməli meyvələr və qoz-fındıq; sitrus meyvələrinin qabıqları və ya qovun qabıqcıqları 253,77%, dənli bitkilər 12,37%, müxtəlif ərzaq məhsulları 51%, tərəvəzlərin, meyvələrin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları 51,83%, yeyinti sənayesinin qalıqları və tullantıları; heyvanlar üçün hazır yemlər 78,87%, tütün və tütünün sənaye əvəzediciləri 31,81% artıb”.