Səbail rayonunun Bayıl yamacında (Teleqüllə yaxınlığında) sürüşmə qeydə alınıb. Hadisə ilə əlaqədar 100-dən çox evin sakini ərazidən köçürülüb.
Qeyd edək ki, Bakının Səbail rayonu hesab edilən bu ərazidə fərdi evlərin tikintisinə hansı dövlət qurumunun icazə verdiyi hələlik bəlli deyil. Səbail rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib ki, həmin ərazidə tikilən evlər sovet dönəmində inşa edilib. Sonrakı dönəmə aid tikililər qeyri-qanuni və kiçikdir.
Daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov Oxu.Az-a açıqlamasında bildirdi ki, sözügedən ərazidə torpaq sahələrinin bir qismi zəbt edilib. Bir hissəsi isə bələdiyyədən alınıb:
“Yamacdakı torpaq sahələri ötən əsrin 90-cı illərində zəbt olunub. Yuxarıya doğru ərazilər – Badamdar III massivdəki torpaqlar bələdiyyədən alınıb”.
Məlum olub ki, ərazidəki torpaq sahələrinin qiymətləri elə də ucuz deyil:
“Yuxarı hissədə bir sot torpaq sahəsi 25-30 min manat, aşağılarda isə 20-25 min manat təşkil edir”.
L.Ə.
www.oxu.az