Kredit borclarının qalmasının əsas səbəbi, kreditlərin müəyyənləşən müddətdə geri qaytarılmaması ilə bağlıdır. Bir səbəbi isə banklar tərəfindən kreditlərin müştərilərə müqavilə bağlanmadan verilməsidir.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, indi Azərbaycan hökumətinin əhalinin banklara olan kreditlərini ödəməsi mümkün deyil:
“Çünki, burada əsas məsuliyyət kommersiya banklarının üzərinə düşür. Səbəbi də odur ki, bu banklar vətəndaşların problemlərini və digər banklara borcunu öyrənmədən kreditlər verir. Əvvəlki illərdə banklar vətəndaşlara kredit şərtlərini göstərmək üçün broşüralar paylayır, yaxud da plastik kartlar paylamaqla, vətəndaşlara sərfəli şəkildə kreditlər verirdilər. Hökumətin vətəndaşın kredit borclarını ödəməsi məsələsinə gəlincə, burada Rusiya variantından istifadə etmək olar.
Yəni, Rusiyada olduğu kimi, vətəndaşa kredit borcunu ödəməsi üçün güzəşt müddəti təyin edə bilər. Bu müddət ərzində vətəndaşlar kreditlərin ödənilməsini vaxtında həyata keçirə bilirlər. Bundan başqa, banklarda ayrıca xidmət yaradılmalıdır ki, vətəndaşlar bu xidmət vasitəsi ilə problemlərini müəyyən dərəcədə həll edə bilsinlər. Eyni zamanda banklar vətəndaşlara kreditlər verərkən, onlarla elə müqavilə bağlamalıdır ki, kreditləri vaxtında ödəyə bilsinlər. Bu baxımdan hökumətin banklar üzərindən müəyyən sifarişlər verməsi mümkündür”.