Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov Oxu.Az-ın suallarını cavablandırıb:
- Anar müəllim, bəlkə də bu sualdan yorulmusunuz, amma yenə də cavab vermənizi istərdim. “ASAN Xidmət” bir çox nazirlik və idarələrin fəaliyyətini əks etdirir. Bu, nə ilə əlaqədardır?
- Deməzdim ki, biz dövlət strukturlarının fəaliyyətini əks etdiririk. Biz sadəcə alternativ xidmət növü təklif edirik. Axı “ASAN Xidmət” mərkəzlərində xidmətlər müvafiq dövlət strukturları tərəfindən göstərilir. Bizim məqsədimiz vətəndaşlar üçün bu prosesdə maksimal şəkildə əlverişli şəraitin yaradılmasıdır.

Və hal-hazırda seçim haqqı vətəndaşlarda qalır: onlar kimə müraciət edəcəklərini seçirlər, çünki eyni qayda ilə həm müvafiq dövlət orqanlarına, həm də “ASAN Xidmət” mərkəzlərinə də müraciət edə bilərlər. Xidmətimizin adından artıq hər şey bəllidir – bir məkanda bir neçə məsələnin bir dəfəyə həlli. Bütün bunlar vətəndaşları əlavə xərclərdən və əlavə vaxt itkisindən azad edir, xidmət zamanı şəffaflıq və rahatlığı təmin edir.
- Həqiqətən də Azərbaycanda “ASAN Xidmət” yaradılandan uzun növbələrdə saatlarla dayanma, məmur kabinetlərinə ayaqdöymələr, müxtəlif idarələri gəzərək arayışlar almaq tarixə qovuşdu. İndi insanlar bütün bu süründürməçilikdən keçmirlər...
- Tamamilə doğrudur, bir çox məsələləri həll etmək üçün: sənəd və ya hüquqi məsləhət almaq, notarius xidmətləri, VVAQ, kommunal xərclərin ödənməsi və bank və sığorta xidmətlərindən istifadə etmək mümkündür, - sadəcə mərkəzlərimizdən birinə gəlmək kifayətdir.
- Ədəbi dildə desək bütün yollar “ASAN Xidmət”ə gedir... Bu gün üçün mərkəzlərdə neçə xidmət göstərilir? Xidmətdə təqdim edilən dövlət strukturlarının sayı nə qədərdir?
- Hal-hazırda “ASAN Xidmət” 10 dövlət strukturunun 30-a yaxın xidmətini təqdim edir.
Bundan başqa biz özəl şirkətlər və müəssisələrə: bank, sığorta, köçürmə və s. yardımçı-funksional adlanan bir sıra xidmətlər göstəririk. Ümumilikdə “ASAN Xidmət”ə 220 xidmət növü daxildir.

- Yaxın gələcəkdə təqdim edilən xidmətlərin siyahısının genişləndirilməsi nəzərdə tutulurmu?
- “ASAN Xidmət” mərkəzləri çərçivəsində göstərilən xidmətlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə tənzimlənir. Əgər müvafiq sahə ilə bağlı yeni fərman yaxud sərəncam olarsa bizim üzərimizə düşən iş həmin fərmandan irəli gələn məsələlərin icrasını təmin etməkdir.
- “ASAN Xidmət” yalnız ölkə daxilində deyil, eləcə də xaricdən müsbət rəylər alır. Bu, ölkə üçün qürur hissi duymağa səbəbdir...
- Bu, belədir. “ASAN Xidmət”in fəaliyyətini Avropa İttifaqı, Avropa Parlamenti, Böyük Britaniya Parlamenti və digər ölkələrdə yüksək qiymətləndiriblər. Özünəməxsus hüquqi strukturu bir çox beynəlxalq əməkdaşlar və ekspertlər tərəfindən təqdirəlayiq qiymətləndirilib.
Təsadüfi deyil ki, sanballı dünya KİV-i, eləcə də beynəlxalq təşkilatlar “ASAN Xidmət”in fəaliyyətini dövlət xidmətlərinin “Azərbaycan modeli” adlandıraraq, aparıcı təcrübə kimi qeyd edirlər.

Avropa Şurasının Baş katibi Torbyorn Yaqland bu ilin may ayında bizim mərkəzlərimizdən birinə gələrək, “ASAN Xidmət” unikal modeldir, və bütün Avropa ölkələri Azərbaycanın bu sahədə təcrübəsini öyrənməlidir” deyib. “ASAN Xidmət” Avropaya həqiqətən də xoş təəssürat bağışlayıb.
- Bu uğurlu layihə sırf bizim milli icadımızdır, yoxsa başqa ölkələrin təcrübəsindən mənimsənilib?
- “ASAN Xidmət” bu gün üçün dünya təcrübəsində bu qəbildən olan yeganə strukturdur. Demək olar ki, strukturun analoqu yoxdu, bu məsələni böyütmək deyil, faktdır. “ASAN Xidmət” mərkəzlərinin keçən ilin yanvar ayından işə düşməsi vətəndaşlara dövlət xidmətinin göstərilməsində dönüş nöqtəsi oldu. Mərkəzlərin açılışından az müddətin keçməsinə baxmayaraq biz artıq öz təcrübəmizi bölüşməyə hazırıq.
Bizim xidmət bir sahə ilə kifayətlənməyib, müxtəlif sahələri əhatə edərək geniş formatda fəaliyyət göstərir. Qeyd edim ki, fəaliyyət formatının genişləndirilməsi yalnız əhalinin müxtəlif profilli xidmətlərə olan tələbatını ödəməklə qalmır, eləcə də rüşvətxorluqla mübarizədə yardımçı olur. Sirr deyil ki, rüşvətxorluq bir çox ölkələrdə böyük problemdir. “ASAN Xidmət” rüşvətxorluğu kökündən vuran effektiv vasitədir, və biz bu vəzifənin öhdəsindən uğurla gəlirik.

“ASAN Xidmət”in effektiv işi tətbiq edilən xüsusi fəaliyyət standartlarına əsaslanır. Bu standartların hazırlanması zamanı yalnız xarici ölkələrin təcrübəsi deyil, eləcə də bizim milli cəmiyyətin xüsusiyyətləri, icra hakimiyyəti strukturu və s. nəzərə alınıb.
“ASAN Xidmət” – Azərbaycan məhsulu, öz milli brendimizdir.
Müxtəlif dövlət strukturlarının xidmətlərini bir yerə toplayaraq onların əhaliyə innovasiya texnologiyalarından istifadə edərək təqdim edilməsi ilə “ASAN Xidmət – xalqa xidmət” anlayışı eyniləşdirilir.
- Bu yaxınlarda Azərbaycan Prezidenti “ASAN Xidmət”in inkişafı üçün 8 milyon manat ayrılması haqqında sərəncam verib. Bu vəsait məhz nəyə sərf ediləcək?
- Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısında sosial-iqtisadi inkişafa və qarşıda duran məsələlərə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev “ASAN Xidmət”in fəaliyyətini, o cümlədən ölkənin regionlarında əhaliyə xidmət göstərmək üçün səyyar xidmətlər sahəsində təcrübəsini də yüksək qiymətləndirib.

Ayrılmış vəsait səyyar xidmətin təkmilləşdirilməsinə, o cümlədən də onun maddi-texniki bazasının təmin edilməsinə – avtobusların, orqtexnikanın alınmasına sərf ediləcək.
- Mənə məlum olduğu qədər “ASAN Xidmət” öz sıralarına volontyorları cəlb edir. Bu barədə elanları periodik olaraq sosial şəbəkələrin səhifələrində görmək mümkündür. Zəhmət olmasa volontyorların nə ilə məşğul olduqları haqqında danışardınız, onların vəzifələrinə nə daxildir?
- Volontyorlar əsasən xidmətə müraciət etmiş vətəndaşlara informasiya verir, eləcə də yardım edirlər, məsələn, blankların doldurulmasında və s.
Bizim volontyorlar – gənc nəslin nümayəndələridir.
Qeyd edim ki, yalnız onlar deyil, eləcə də “ASAN Xidmət”in bütün komandası cavanlardan ibarətdir. Bu, böyük üstün cəhətdir, çünki gənclər daha kreativ və işində təşəbbüskardır. Biz qeyri-standart təfəkkürü hər zaman dəstəkləyirik və o üstəlik özündə rasionallıq da daşıyırsa, gənc kadrlarımızın ideyalarının realizəsində yardım etməyə hazırıq.

Qeyd edim ki, işçilərimizin orta yaş həddi 28-dir.
- Komandanız böyükdür?
- “ASAN Xidmət” ştatına daxil olan işçilərin sayı, ilkin baxışda göründüyü qədər çox deyil. İş ondadır ki, öz işçilərimizdən başqa, xidmətlərini təqdim etdiyimiz müxtəlif dövlət strukturlarından da kadrlar cəlb edilib.
Başqa sözlə, bu idarələr öz işçilərini bizə ezamiyyə edirlər və onlar müəyyən edilmiş standartlar üzrə işləyirlər.
- Əməkdaşların seçimini hansı prinsip üzrə aparırsınız? Əminəm ki, iş axtarışında olan gənc qızlar və oğlanların çoxu sizin kollektivin üzvü olmaq istərdi. Axı sirr deyil ki, dövlət strukturlarında işləməyin – sosial zəmanətlərin təmin edilməsi, karyera yüksəlişi üçün geniş imkanlar baxımından müsbət cəhətləri çoxdur. Bunun üçün nə etmək lazımdır?
- Kadr siyasətində də biz əsas prinsipimizə – şəffaflıq prinsipinə sadiq qalırıq. Biz hər zaman əhalini rəsmi saytımız, KİV, media və sosial şəbəkələr vasitəsilə işə qəbul haqqında məlumatlandırırıq. Ona görə də göstərilən tələblərə uyğun olan istənilən şəxs bizim əməkdaşımız olma şansına malikdir, təbii ki, imtahanı uğurla verdikdən sonra.

Məlum olduğu kimi bütün dövlət qulluqçuları, o cümlədən də “ASAN Xidmət” işçiləri işə daxil olarkən Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanda iştirak etməlidir.
- “ASAN Xidmət”də orta maaş həddi nə qədərdir?
- Maaş qanunvericilik aktları ilə tənzimlənir. Bundan başqa, dövlət başçısının sərəncamına əsasən yığılmış dövlət rüsumlarının 30%-i “ASAN Xidmət”in sərəncamında qalır, bu mükafat fonduna, məvaciblərin ödənilməsinə, əməkdaşların rifahı üçün sərf edilir, qalan 70%-i isə dövlət büdcəsinə keçirilir.
- Bu gün üçün neçə “ASAN Xidmət” mərkəzi fəaliyyət göstərir?
- Mərkəzlərin sayı altıdır, onlardan dördü Bakıda – Nərimanov, Yasamal, Xətai və Sabunçu rayonlarında, qalan ikisindən isə biri Sumqayıtda, biri isə Gəncədə fəaliyyət göstərir. Sonuncu iki regional statusa malikdirlər, belə ki, sadəcə bu şəhərlərin əhalisinə deyil, eləcə də yaxınlıqda yerləşən rayonların əhalisinə xidmət göstərirlər, hər regional mərkəzin payına 10 rayon düşür.
- “ASAN Xidmət”in yaxın gələcəkdə yeni mərkəzlərinin açılması planlaşdırılırmı? Əgər planlaşdırılırsa, onlar harada yaradılacaq?
- Mərkəzlərimizin şəbəkəsi genişləndiriləcək. Buna ehtiyac var, belə ki, məlum olduğu kimi Azərbaycanın bütün regionları “ASAN Xidmət” şəbəkəsi ilə əhatə edilməyib. Cari ilin sonuna qədər “ASAN Xidmət” Sabirabad, Bərdə, Qəbələ və Masallıda olmaqla daha dörd regional mərkəzin açılışını planlaşdırır.
- Anar müəllim, bu gün “ASAN Xidmət”in işini müşahidə edərkən, belə bir nəticəyə gəldim ki, belə dəqiq, operativ və keyfiyyətli iş, məhz əsaslı təşkilatçılıq sayəsində ortaya çıxır. Eləcə də xidmətin yüksək səviyyəsini və əməkdaşlarınızın mədəni davranışını qeyd etmək istərdim. Elə bir təəssürat yaranır ki, mərkəzlərdə gələn vətəndaşların rahatlığı üçün hər şey xırdalıqlara qədər düşünülüb.
- Biz həqiqətən hər şeydə üstün olmağa səy göstəririk. Hər zaman işimizi təkmilləşdirməyə çalışırıq.
Biz daima fəaliyyətimizin əhali tərəfindən necə qiymətləndirildiyini öyrənməyə yardım edən sorğular keçiririk.

Sonuncu sorğunun nəticələri göstərdi ki, bizim işimizdən razı olan əhalinin sayı 97%-dir. Qeyd etmək istərdim ki, “ASAN Xidmət” bu göstəricini həmişə yüksək səviyyədə saxlamağa çalışır.
Amma əgər kim isə nədənsə narazı qalıbsa, o, öz şikayətlərini yazılı şəkildə və elektron məktubla, və yaxud da 108 nömrəsinə zəng edərək bildirə bilər. Daxil olan bütün şikayətlər tez bir zamanda nəzərdən keçirilir və müvafiq tədbirlər həyata keçirilir.
Daxili şəraitə gəldikdə isə biz burada da yüksək standartlara riayət edirik və təkrar edirəm ki, əsas prinsip fəaliyyətimizdə şəffaflıqdır. Bu, öz əksini həm ofislərimizin daxili dizaynında tapır, burada hər şey göz önündə, sanki ovuc içində kimidir...
- Müraciət edənlərin sayının çox olmasına baxmayaraq sizdə insan kütləsi gözə dəymir...
- Biz fasiləsiz saat 10.00-dan 20.00-a qədər çalışırıq, şənbə və bazar günləri isə saat 10.00-dan 17.00-a qədər. Bizim xidmətin əsas meyarlarından biri də operativlikdir.
İnsanlara xidmət olunan məkanlarda növbələrin olması qaçınılmazdır. Amma növbə də yaxşı təşkil olunmuş ola bilər, bu isə vətəndaşlarımızın öncə qarşılaşdıqları növbələr ilə eyni şey deyil.
Yerində növbəyə xidmətlə yanaşı bizdə “online növbə” də mövcuddur. Yəni vətəndaş evində və ya işdə olduğu zaman bizim rəsmi www.asan.gov.az saytımıza daxil olaraq özünün “ASAN Xidmət”ə səfərini planlaşdıra bilər, o, həm zaman qazana bilər, həm də növbənin daha az olduğu mərkəzi seçə bilər.
- “ASAN Xidmət”in internet-aktivliyi barədə nə deyə bilərsiniz? Buna diqqət ayrılırmı, axı bu, müasir zamanın tələbidir?
- “ASAN Xidmət” müasir dövrdə media, sosial şəbəkə və internet sahələrində fəal iştirakdan kənarda qalmır.
Ona görə də “ASAN Xidmət” rəsmi saytının işinə xüsusi diqqət yetirir, Facebook, Twitter, İnstagram, Youtube və d. sosial şəbəkələrdə fəal iştirak edir.
Bundan başqa 107.7 “АvtoFM” radiosunda həftədə iki dəfə, çərşənbə axşamı və cümə axşamı günlərində saat 18.00-dan 20.00-a qədər “ASAN cavab” layihəsi aparılır.
Cari layihə “ASAN Xidmət” əməkdaşlarının radio dinləyicilərinin suallarına cavab verməsindən ibarətdir.

İşıqlandırılan məsələlərin spektri genişdir – vətəndaşlarımızı maraqlandıran hər şey.
Belə ki, biz əhalinin Xidmətin fəaliyyəti barəsində məlumatlandırılması sahəsində böyük iş aparırıq, çünki vətəndaşların məlumatlandırılması vacib məsələdir və bir çox problemləri kökündən qarşısını almağa imkan verir.
Biz, həmçinin saytımızın inkişafına böyük diqqət ayırırıq. O, hər zaman strukturumuzun fəaliyyətini real zaman kəsiyində əks etdirir, yəni biz hər yenilik, bu və ya digər tədbirlərin keçirilməsi barədə operativ şəkildə məlumat veririk.
- Anar müəllim, müsahibə üçün təşəkkür edirəm. Sizə və “ASAN Xidmət”ə gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm.
P.S. “ASAN Xidmət”in işi ilə tanış olduqdan sonra əmin olursan ki, “insan dövlət üçün deyil, dövlət insan üçündür”. Və bunu Azərbaycanın ən böyük nailiyyətlərindən biri adlandırmaq olar.
Gülnarə Zeynalova
www.oxu.az