Polşa Prezidenti Karol Navrotski Konstitusiya Məhkəməsinin sədri və digər hakimlərlə təcili müşavirə çağırıb.
Oxu.Az "Telewizja Republika"ya istinadən xəbər verir ki, polis məhkəmə binası qarşısında etirazçılarınm qarşısını almağa çalışır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları səsgücləndiricilər vasitəsilə jurnalistlərə, deputatlara və mühafizə olunan şəxslərə ərazidən kənara çəkilmək barədə çağırış edirlər.
Polşa paytaxtına əlavə qüvvələrin də cəlb olunduğu deyilir.
Polşanın paytaxtı Varşavada Konstitusiya Məhkəməsi ətrafında yaranmış münaqişə daha da kəskinləşib.
Oxu.Az m24.ru-ya istinadən xəbər verir ki, oktyabrın 30-da axşam saatlarında qurumun binası qarşısında etirazçılar toplaşıblar.
Bir neçə nəfər binaya daxil olmağa cəhd edib. Polis qayda pozanları saxlayıb və ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib.
Bundan sonra polis əməkdaşlarına müxtəlif əşyalar atılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə əlavə qüvvələr cəlb etməyə başlayıblar. Həmin vaxt Konstitusiya Məhkəməsinin sədri Boqdan Svençkovski də binaya daxil ola bilməyib.
Etirazlara Konstitusiya Məhkəməsinin hakimi Anna Korvin-Petrovskayanın müraciəti səbəb olub. O, məhkəmə hakimlərinin və əməkdaşlarının həyat və sağlamlığı üçün mümkün təhlükə, eləcə də ictimai asayişin pozulması riski barədə xəbərdarlıq edib.
Bundan başqa, Polşanın baş prokuroru Valdemar Jurek Baş Polis Komendantlığına məktub göndərərək məhkəmənin təhlükəsizliyinə xüsusi diqqət yetirilməsini xahiş edib.
Gərginliyin əsas səbəbi qurumun rəhbərliyi ətrafında yaranmış mübahisədir. Konstitusiya Məhkəməsinin saytında sədr Boqdan Svençkovskinin və sədr müavini Bartlomey Sohanskinin vəzifə səlahiyyətlərinin icrasının dayandırıldığı barədə məlumat dərc olunub. Məhkəmədə ən uzun iş stajına malik hakim kimi Anna Korvin-Petrovskayanın quruma rəhbərlik edəcəyi ehtimal edilirdi.
Lakin Konstitusiya Məhkəməsinin "X" sosial şəbəkəsindəki rəsmi hesabında qurumun saytının qanunsuz ələ keçirildiyinin ehtimal olunduğu bildirilib. Paylaşımda Şvençkovskinin məhkəmə sədri vəzifəsini icra etməyə davam etdiyi, Korvin-Petrovskayanın isə Konstitusiya Məhkəməsinin hakimi kimi tanınmadığı vurğulanıb.
Bəyanatda baş verənlərin iştirakçıları dövlət çevrilişinə cəhddə ittiham olunublar.
Polşaвф polis əməkdaşları ölkənin Konstitusiya Məhkəməsinin ərazisinə daxil olublar.
Oxu.Az-ın "Polsat"a istinadən verdiyi məlumata görə, tribunalın rəsmi saytında qurumun sədri Boqdan Svençkovskinin və sədr müavini Bartlomey Sohanskinin səlahiyyətlərinin dayandırılması barədə elan dərc olunub.
Ölkədə baş verən hadisələrlə əlaqədar Polşa Prezidenti Karol Navrotski Seneqala səfərini yarımçıq dayandırdığını açıqlayıb.
Polşanın Baş naziri Donald Tusk Konstitusiya Məhkəməsinin sədrinin və sədr müavininin vəzifələrindən kənarlaşdırılmasını şərh edərkən bunun zəruri addım olduğunu bildirib.
"Hüququn aliliyinin bərpası bizim borcumuzdur. "Hüquq və Ədalət" partiyasının uzun illər davam edən qanunsuzluqlarından sonra bu, çətin, bəzən ağrılı, qətiyyətli addımlar tələb edən prosesdir. Başqa yol yoxdur", - deyə Tusk qeyd edib.
Polşanın keçmiş ədliyyə naziri Zbiqnev Zyobro isə baş verənləri "dövlət çevrilişi" adlandırıb.