Son vaxtlar bir çox müəllimlərin sosial şəbəkələrdən həddindən artıq istifadə etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə müxtəlif müzakirələr aparılıb.
Bildirilib ki, əgər müəllim "TikTok", "Instagram" və "YouTube" platformalarından həddindən artıq istifadə edirsə, bu, şagirdlərin də həmin platformalara meyillənməsinə təkan verir. Bundan əlavə, müəllimlər bəzi valideynlərin bilgisizliyindən istifadə edib şagirdlər üzərindən özlərini reklam edirlər ki, əslində bu da yolverilməzdir.
"Müəllimlər var ki, dərs zamanı uşaqları videoya çəkərək "TikTok"da və ya digər sosial şəbəkələrdə paylaşırlar, canlı yayımlar açırlar. Bəzən uşaqların bir-biri ilə olan münasibətini icazəsiz çəkib onları gülüş obyektinə çevirir, nəticədə öz izləyici sayını artırmağa xidmət edirlər. Bununla bağlı isə hər hansı bir tutarlı addım atılmır", - deyə şikayətçilərdən biri yazıb.
Müzakirə iştirakçıları hesab edirlər ki, müəllimlər şəxsi sosial şəbəkə fəaliyyətləri ilə pedaqoji məsuliyyət arasında sərhəd qoymalı, şagirdlərin təhsil hüquqlarını və şəxsi həyatlarının toxunulmazlığını nəzərə almalıdırlar.
Məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, bu gün bəzi müəllimlərin tiktokerlik etmələri ciddi problemdir və bu məsələyə mütləq şəkildə baxılmalıdır.

"Müəllimin missiyası təlim və tərbiyə işi ilə məşğul olmaqdır. Müəllim bloqer və ya tiktoker deyil. O, sosial mediadan müəyyən çərçivələr daxilində istifadə etməlidir. Öz peşə fəaliyyəti haqqında paylaşımlar edə bilər, lakin heç bir halda bloqer fəaliyyətinə üstünlük verməməlidir.
Hesab edirəm ki, qaldırdığınız məsələ çox aktualdır. Müəllimlərimiz məsuliyyətli olmalı, atdıqları addımlara diqqətlə yanaşmalıdırlar. Müəllim ulduz deyil. Bəzən insanlar bu anlayışları səhv salırlar. Müəllim cəmiyyət üçün nümunə olmalıdır. Müəllim istədiyi hər şeyi, necə gəldi paylaşmamalıdır. Hər hansı paylaşım etməzdən əvvəl onun mümkün nəticələrini dəfələrlə ölçüb-biçməlidir. Düşünmədən belə addımlar atmaq yolverilməzdir. Çünki bu cür paylaşımlar nəticə etibarilə müəllimin nüfuzuna xələl gətirir, onun cəmiyyətdəki hörmətini zədələyir. Müəllimin belə davranışları heç bir halda müsbət qarşılanmır. Hesab edirəm ki, bu məsələyə ciddi nəzarət olunmalıdır. Belə halların kütləvi xarakter almaması və gələcəkdə xoşagəlməz vəziyyətlərlə qarşılaşmamaq üçün prosesə nəzarət gücləndirilməlidir". - deyə C. Məmmədov vurğulayıb.
Təhsil eksperti Elçin Əfəndi Oxu.Az-a açıqlamasında müzakirələrin haqlı olaraq aparıldığını vurğulayıb.

O qeyd edib ki, təhsillə əlaqəsiz, eybəcər formada və uşaqlar üzərindən reklamla öz marağını təmin etmək qeyri-insani davranışdır.
"Hərdən rastıma çıxır bəzi görüntülər və bu, olduqca çox pis görünür. Pedaqoq bütün hərəkətləri ilə nümunə olmalıdır, amma bəziləri sanki şou-biznes nümayəndəsiymiş kimi aparır özünü. Əgər müəllim işləmək niyyətin yoxdursa, o zaman bloqerliklə məşğul ol. Onsuz da hazırda onlara tələbat çoxdur.
Elm və Təhsil Nazirliyi, MÜTDA müəllimlərin etik davranış qaydaları ilə bağlı təlimatları bütün təhsil müəssisələrinə göndəriblər və orada qeyd olunduğu kimi dərs zamanı mobil telefon istifadəsinə yol verilmir. Bundan əlavə sosial platformalarda olan paylaşımlara da diqqətlə yanaşılmalıdır. Uşaqların üzləri açıq şəkildə paylaşılmaları doğru deyil. Bəziləri, hətta uşağa qarşı şiddət göstərdiyi görüntünü belə sosial platformalarda paylaşırlar. Fikrimcə, bu istiqamətdə nazirlik və tabe qurumlar nəzarəti artırmalı, etik olmayan, qaydalardan kənar paylaşım edənlərə qarşı sərt tədbir görməlidirlər", - deyə E.Əfəndi bildirib.
Oxu.Az-ın "Müəllimlərin sosial şəbəkələrdən istifadəsinə konkret qaydalar və məhdudiyyətlər varmı, yoxsa bu məsələ onların şəxsi seçim və məsuliyyətinə buraxılıb" - sualına cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, "Təhsilverənlərin etik davranış Qaydaları"na əsasən, təhsilverən şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına əməl etməli, xidməti fəaliyyətindən kənar sosial münasibətlərinin peşəkar fəaliyyətinə nüfuz etməsinə yol verməməlidir.
"Təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır. Təhsilverən ictimai davranış normalarına riayət etməli, cəmiyyətin və ayrı-ayrı fərdlərin hüquqlarının pozulmasına gətirib çıxaran əməllərdən çəkinməli, təbiətin, tarixin və mədəni irsin qorunmasına həssas yanaşmalıdır. Bununla yanaşı qeyd edirik ki, mövcud qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla uşaqlar video və foto çəkilişə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz", - deyə məlumatda vurğulanıb.