“Problemli kreditlərin həcmi 1 miyard 442 milyon manata çatıb. Bu, 16 milyard 275 milyon manatlıq kredit portfelinin 8,9%-i deməkdir.
Qeyd edək ki, neftin dünya bazar qiyməti aşağı düşməyə başlayanda bu rəqəm 5% ətrafında dəyişirdi.
Bununla belə, aparılan monitorinqlər göstərir ki, banklarda problemli kreditlərin məbləği Mərkəzi Bank tərəfindən rəsmi elan edilən rəqəmdən daha böyükdür”.
Oxu.Az xəbər verir ki, bu sözləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov deyib.
“Fərqli səbəblərdən banklar yubanan kreditləri problemli kreditlər kimi rəsmiləşdirməyə həvəsli görsənmirlər. Kredit götürənlərin ödəmə qabiliyyətinin azaldığını nəzərə alsaq, o zaman növbəti aylarda da problemli kreditlərin həcmində artımlar qaçılmazdır. Tədqiqatlar göstərir ki, problemli kreditlərin xeyili hissəsi artıq “ümidsiz kreditlərdir”.
Yəni, onların geri qaytarılması praktik olaraq mümkün deyil. Halbuki 2015-ci ilin əvvəlində təklif etdiyimiz kimi, Mərkəzi Bank sadəcə problemli kreditlərin yarısı qədər məbləği xarici valyutada olan kreditlərə kompensasiya kimi ödəsəydi, 10 min dollaradək istehlak kreditlərinə güzəşt tətbiq edə bilərdi.
Mərkəzi Bank kreditlərə güzəşt versəydi, nə problemli kreditlərin həcmi bu qədər şişərdi, nə də kredit borcu olanların ödəmə qabiliyyəti pisləşərdi.
Bu isə o deməkdir ki, güzəşt tətbiq edilməyincə, problemli kreditlərin həcmində artımlara davam edəcək”, - deyə o qeyd edib.
U.A.
www.oxu.az