Dünya iqtisadiyyatında geosiyasi gərginliklər artıb, iqtisadi ticarət və iqtisadi aktivlik zəif olaraq qalır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin növbəti plenar iclasında Azərbaycanın 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, dünyada ticarət, məzənnə və valyuta müharibələri kəskinləşib.
Baş bankir bildirib ki, qarşıdakı ildə neftin qiymətləri əhəmiyyətli dərəcədə aşağı olacaq:
“2011-ci ildə tədiyyə balansı 17 milyard dollar idi. 2015-ci ilin sonun tədiyyə balansının 2 milyard dollar olacağı gözlənilir. Başqa sözlə, tədiyyə balansı 2011-ci il ilə müqayisədə 8 dəfə az olacaq".
E. Rüstəmovun sözlərinə görə, yüksək dollarlaşma səbəbindən Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb.
Baş bankir bildirib ki, 2014-cü ildə AMB-nin valyuta ehtiyatları 15 mlrd. dollar olub:
“Bu ehtiyatları biz daxili bazardan almışdıq. Devalvasiyadan sonra ilk dəfə may-iyun aylarında biz daxili bazardan dollar aldıq. İyul ayında isə dollarlaşma səviyyəsi yenidən yüksəldi. İndi dollarlaşma səviyyəsi 10 il əvvəlki səviyyədədir”.
Hazırda AMB-nin valyuta ehtiyatlarının 7 mlrd. dollar olduğunu deyən E. Rüstəmov bu göstəricinin beynəlxalq normalara uyğun olduğunu bildirib.
Baş bankir əlavə edib ki, çevik məzənnə siyasətinə keçidlə bağlı məsələlər ciddi araşdırılır:
“Bu siyasətə keçid texniki hazırlıq və soyuqqanlı yanaşma tələb edir. Bununla bağlı beynəlxalq təşkilatlarla müzakirələr aparırıq. Manatın məzənnəsi neftin qiyməti, tədiyyə balansının vəziyyəti və tərəfdaş ölkələrin valyuta siyasəti ilə müəyyənləşir. 2016-cı ildə də belə olacaq.
Göründüyü kimi, məzənnəyə təsir edən başlıca amillər ölkədən, milli iqtisadiyyatdan kənarda formalaşır. Müxtəlif çevik məzənnə siyasəti çoxdandır ki, AMB-nin gündəliyindədir. Bu məsələlər ciddi araşdırılır. Əlaqədar beynəlxalq təşkilatlarla geniş müzakirə edilir”.