“Bakı-Tiflis-Qars” dəmiryolunun istismarından sonra mal Türkiyə ilə Azərbaycan arasında mal dövriyyəsi daha da artacaq.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu Türkiyə gömrük və ticarət nazirinin müavini Fatih Metin Bakıda Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev ilə görüşdə deyib.
O, ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirib, ticarət dövriyyəsinin artmasını sevindirici hal kimi dəyərləndirib, dövriyyənin bundan sonra da artırılması üçün geniş imkanların mövcudluğunu, buna həm Türkiyənin, həm də Azərbaycanın yüksələn dinamika ilə inkişaf edən iqtisadiyyatlarının imkan verdiyini söyləyib.
A.Əliyev qardaş ölkənin dövlət rəsmisi ilə görüşdən məmnun olduğunu söyləyərək, ölkəmizin xarici iqtisadi siyasətində Türkiyə Cümhuriyyəti ilə əlaqələrin daha da genişləndirilməsinin vacib amil kimi daim diqqət mərkəzində saxlanıldığını diqqətə çatdırıb.
İki qardaş ölkənin gömrük qurumları arasında əlaqələrdən söz açan DGK sədri əməkdaşlığın hazırkı vəziyyətindən razılığını bildirib, xüsusilə qarşılıqlı təcrübə mübadiləsinin ümumi işə faydasından danışıb.
Komitə sədri Azərbaycan Gömrük Xidmətində qaçaqmalçılıqla, xüsusilə narkotiklərlə mübarizə istiqamətində Türkiyə təcrübəsinin tətbiqinin bu sahəyə müsbət təsirindən söz açıb, qarşılıqlı əməkdaşlığın əhatə dairəsinin daha da genişləndirilməsinin, bu istiqamətdə həyata keçirilən tədbirlərin gələcəkdə də davam etdirilməsinin zəruriliyini diqqətə çatdırıb.
F.Metin Azərbaycan Gömrük Xidmətinin Dünya Gömrük Təşkilatı sədrinin Avropa regionu ölkələri üzrə müavini seçilməsi münasibətilə təbriklərini çatdırıb.
www.oxu.az
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin