“Gənclərin sahibkarlıq fəaliyyətini təşviq edəcək bu cür ünsiyyət platformalarının təşkili çox əhəmiyyətlidir”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Gənc Sahibkarların II Forumunda deyib.
O bildirib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi gənc sahibkarlığın inkişafı sahəsində əsaslı işlər görür və bunun üçün çox güclü normativ baza yaradılıb:
“Bugünkü forumda təşkil ediləcək müzakirələr əsasında praktiki və real görünən məsələlər üzərində dayanaraq gələcəyə baxışlarımızı gücləndirməliyik. Həmçinin bu sahədə qlobal çağırışları və trendləri nəzərdən keçirməliyik. Sahibkarlıq fəaliyyətini həyata keçirmək, bazarda pay sahibi və rəqabətə davamlı olmaq heç də asan deyil. Bunun üçün bir çox yollardan keçmək lazımdır. Peşəkar yanaşma, düzgün təhlil, strategiya və güclü komanda uğurun əsas təməlidir.
Azərbaycan gənclər ölkəsidir və bütün sahələrdə ölkəmizin gəncləri aktiv rol oynayır. Həmçinin dövlət gənclərə nəzərən fərqli siyasət həyata keçirir”.
Nazir əlavə edib ki, hazırda gənclər və idman sahəsində yeni layihələr hazırlanır, bunun üçün geniş təhlillər aparılır:
“Düşünürəm ki, bu forum gənclərə və onların sahibkarlıq fəaliyyətinə öz töhfəsini verəcək”.
Nigar Məmmədova