Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Fermerlərə elektron kabinet yaradılacaq
Aqrar sektor artıq beyin mərkəzi vasitəsilə daha planlı və təhlilə əsaslanan şəkildə inkişaf etdiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Aqrar Tədqiqatlar Mərkəzinin təqdimat tədbirində açıqlama verilib.
Mərkəzin direktoru Pərviz Hacıyevin sözlərinə görə, aqrar sektorun müxtəlif sahələri üzrə elmi nöqteyi-nəzərdən təhlil aparılacaq və data hissəsi yaradılacaq.
Buna görə də mərkəzin tabeliyində hər bir fermerin elektron kabineti olacaq. Burada fermerin təsərrüfatı, texniki imkanları barədə informasiyalar öz əksini tapacaq.
Nəticədə, fermerin subsidiya əldə etməsi üçün əvvəl rayondakı bir neçə icra qurumundan sənədlər toplaması lazım gəlməyəcək və bürokratik əngəllər aradan qalxacaq.
Data baza nəticəsində alınan informasiyalar əsasında fermerin qarşıdakı beş ildə nə əkəcəyi də məlum olacaq. Bu isə məhsul üzrə məhsuldarlığı və eyni zamanda, bazar problemlərini həll etməyə kömək edəcək.