"Fintexlər bankları əvəz etməyi hədəfləmir və onların rəqibi deyil. Onlar bank xidmətlərini daha çevik, sürətli və müəyyən sahələr üzrə ixtisaslaşmış formada tamamlayır".
Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Fintex Assosiasiyasının (AzFina) İdarə Heyəti sədrinin müavini Eynar Abdullayev Bakıda keçirilən "Azərbaycanın Rəqəmsal Maliyyə Gündəliyi" tədbirində deyib.

O bildirib ki, banklar maliyyə ekosisteminin əvəzolunmaz hissəsidir:
"Banklar hazırda nəinki Azərbaycanda, bütün dünyada maliyyə ekosisteminin çox əvəzolunmaz bir zənciridir".
Eynar Abdullayevin sözlərinə görə, fintexlər bankları əvəz etmək üçün deyil, onların fəaliyyətini tamamlayan xidmətlər göstərmək üçün yaradılıb:
"Fintexlər bankları sıradan çıxarıb yerini tutacaq bir qurum deyil. Onlar bankların daha sadələşdirilmiş, daha sürətləndirilmiş, daha niş bir seqmentə xidmət edən hissələridir".
O qeyd edib ki, banklar depozit qəbul etdikləri üçün daha sərt tənzimlənir, fintexlər isə daha çevik fəaliyyət göstərirlər:
"Fintexlər daha sadələşdirilmiş qaydalarla, daha sürətli və rəqəmsallaşmada tələb olunan xırda toxunuşları etməyə ehtiyac olan işləri həyata keçirir".
AzFina rəsmisi sonda banklara da mesaj ünvanlayıb:
"Bank tərəfdaşlarımıza buradan mesaj göndərmək istəyirik ki, xeyr, rəqib kimi bir planımız yoxdur, yaxın gələcəkdə belə bir halın baş verməsini gözləmirik".