“Fransada növbəti terror hadisəsinin baş verməsi ilə əlaqədar olaraq çox güman ki, Azərbaycandan bu ölkəyə gedənlərin sayında azalma olacaq. Amma bununla belə, bu haqda danışmaq hələ ki tezdir”.
Bu barədə Oxu.Az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AzTA) idarə heyətinin sədri Nahid Bağırov deyib.
Onun sözlərinə görə, hazırda bu ölkəyə səfərini ləğv edən vətəndaşlar yoxdur.
N.Bağırov həmçinin xatırladıb ki, ötən ilin noyabrında Fransada baş verən terror hadisəsi ilə əlaqədar olaraq, bu ölkəyə Azərbaycandan gedənlərin sayında azalma oldu, amma sonra bu proses yenidən düzəldi.
Yerli turizm şirkətlərindən isə bildiriblər ki, terror hadisəsi, sözsüz ki, Azərbaycandan bu ölkəyə gedən turistlərin sayına təsir edəcək.
Azərbaycan Xarici İşlər Nazirliyi Nitsada törədilmiş terror aktı ilə əlaqədar Fransadakı azərbaycanlılara xəbərdarlıq edib.
XİN Fransanın Nitsa şəhərində törədilmiş terror aktını kəskin şəkildə pisləyib:
“Bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.
Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir.
Azərbaycan Respublikasının Fransadakı səfirliyi terror aktı nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını bu ölkənin müvafiq orqanları vasitəsilə araşdırır”.
XİN hal-hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarını Fransa hakimiyyət orqanlarının təhlükəsizlik tədbirlərinə riayət etməyə və kütləvi yerlərdən kənar durmağa çağırıb.
Xatırladaq ki, dünən yük maşını Nitsanın İngilis sahilində Bastiliyanın fəthi şərəfinə atəşfəşanlığa tamaşa etməyə yığılan kütləyə çırpılıb. Şahidlərin sözlərinə görə, yük maşını dayanmadan təxminən iki km yol keçərək insanları əzib. Daha sonra o atəş açıb. Son məlumata görə, 80-dən çox insan ölüb. Yük maşınının sürücüsü polis tərəfindən zərərsizləşdirilib.
Ülviyyə R. Əli
www.oxu.az